Qlobal kompüter satışları bu ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.

İndex.az xəbər verir ki, “International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına görə, 2023-cü ilin birinci rübündə zəif tələb və makroiqtisadi mühitin pisləşməsi səbəbindən kompüter satışları ötən ilin eyni dövrü ilə müqayisədə 29% azalaraq 56,9 milyon ədəd təşkil edib.

Sözügedən azalmanın 2022-ci ilin son rübündəki 28,1%-lik azalmadan sonra gəlməsi diqqət çəkib.

Ən yaxşı 5 kompüter istehsalçısının təhlil edildiyi hesabatda, zəif tələbatın, artıq ehtiyatların və pisləşən makroiqtisadi mühitin 2023-cü ilin ilk rübündə kompüterlərin tədarükünün kəskin azalmasına səbəb olan amillər olduğu bildirilib.

Birinci rübdə ən böyük azalma 40,5% ilə "Apple"in kompüter satışlarında olub. "Apple"i 31%-lə "Dell Technologies" şirkəti izləyir.

"Lenovo Group" və ASUS satışları 30,3%, HP-nin satışları isə 24,2% azalıb.