Ötən gün Bakıda "Bakı Ekspo Mərkəzi"ndə ADEX sərgisinin açılışı olub.
İndex.az xəbər verir ki, açılışda bir sıra xarici və yerli şirkətlərlə yanaşı, Qətərin "Barzan Holdings" şirkətinin nümayəndələri də iştirak edib.
Sərgidə iştirak edən "Barzan Holdings"in Baş İcraçı Direktoru Abdullah Həsən Əl-Xatər eksklüziv olaraq İndex.az-a müsahibə verib.
Müsahibəni sizə təqdim edirik:
- Azərbaycan ilə hansı əməkdaşlıq perspektivlərini görürsünüz?
Biz Azərbaycanda müdafiə sənayesi ilə bağlı müxtəlif prioritetlər axtarırıq. Azərbaycan ilə tərəfdaşlıq artıq ötən ildən başlayıb. Bu il isə tərəflər arasında bir sıra müxtəlif müqavilələr imzalanıb. Artıq tərəflər arasında müqavilələrə əsasən bir sıra işlərə start verilib.
- Bildiyiniz kimi, Azərbaycan müharibədən yeni çıxmış bir ölkədir. Bu müharibədə hərbi arsenalımızın böyük bir hissəsini istifadə etmişik. Azərbaycan tərəfindən silah alınması ilə bağlı hər hansı bir təklif olubmu?
Azərbaycanla qurulmuş qarşılıqlı əlaqələr sayəsində bu sahədə tədbirlər həyata keçirilir. Hərbi geyimlərdən tutmuş ağır artilleriyaya kimi bütün sahələrdə birgə istehsal və ya alqı-satqı prosesləri baş tutur.

- Azərbaycanın "Barzan Holdings"dən aldığı silahların həcmi nə qədərdir?
Mən sizə konkret bir rəqəm deyə bilmərəm. Çünki bu məsələnin digər tərəfində həm yerli bir şirkət, həm də Müdafiə Nazirliyi var. Yəni bu bir növ kommersiya sirridir. Təxmini bir rəqəm verməli olsam, bir neçə milyon dollar deyə bilərəm.
- Siz dediniz ki, tərəfdaşlar arasında yerli bir şirkət var. Söhbət hansı şirkətdən gedir?
Söhbət Q-STP şirkətindən gedir. Bu şirkət əsasən hərbi geyimlərin istehsalı ilə məşğuldur və "Barzan Holdings" ilə tərəfdaşlıq edir.

- Müharibədən söz açmışkən, Ermənistan tərəfi ilə və ya Ermənistanın tərəfdaşları ilə hər hansı bir əlaqə və ya müqavilə varmı?
Əgər bizim Ermənistan və ya Ermənistanın tərəfdaşları ilə əlaqəmiz olsaydı, Azərbaycanın Müdafiə Nazirliyi ilə heç bir əməkdaşlığımız ola bilməzdi. Digər iqtisadi sahələr barədə tam məlumatım olmasa da, müdafiə sahəsində Ermənistanla heç bir əməkdaşlığımız yoxdur. ("Müdafiə no" deyərək gülür)
- "Barzan Holdings"in Azərbaycandakı tərəfdaşları ilə müəssisə qurmaq planı varmı? Hansı sahədə investisiya gözlənilir?
Bəli, belə bir planımız var. İlk olaraq Q-STP şirkəti ilə hərbi geyimlərin istehsalı üzrə tərəfdaşlıq yaradılıb. Bu sahənin inkişafı üçün yeni müəssisələr qurula bilər. Daha sonra silah və texnikaların istehsalı üzrə müəssisələrin qurulmasını planlaşdırırıq. Ümumiyyətlə biz Azərbaycanla tərəfdaşlıqda istəkliyik. Müdafiə Nazirliyinin maraqlarından asılı olaraq bir çox işlər görə bilərik.

- "Barzan Holdings" ilə ölkəmiz arasında olan tərəfdaşlıq hansı tərəfin səyləri sayəsində yaranıb? Bu əməkdaşlığın tarixçəsi haqqında danışa bilərsinizmi?
Bizim Türkiyə şirkətlərindən biri ilə tərəfdaşlığımız var. Azərbaycan ilə Türkiyə arasında isə münasibətlər yüksək səviyyədir. Bu ortaq cəhət hər iki tərəfdə tərəfdaşlığa maraq yaratdı. Bir sözlə, Azərbaycan ilə tərəfdaşlığımız hər iki tərəfin istəyi ilə yaranıb.
