Bu ilin yanvar-noyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 36 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 15,9 milyon ABŞ dolları və yaxud 30,6 % azdır.

11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.