Son günlər Yaxın Şərqdə baş verən hadisələr və ABŞ-da açıqlanan inflyasiya məlumatlarının müsbət olması qızılın rekordlar qıraraq kəskin bahalaşmasına səbəb olub.
Bir neçə məhşur iqtisadçı cari ilin sonuna qədər qızılın bahalaşmaqda davam edəcəyini söyləyib.
Buna güvənərək pulumuzu qızıla çevirə bilərikmi? Ümumiyyətlə ölkəmizdə investisiya üçün ən etibarlı liman hansıdır? Manat, dollar, qızıl yoxsa "Bitcoin"?
İndex.az məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri iqtisadçı ekspert Vüqar Oruc ilə əlaqə saxladı.

İndex.az-a danışan ekspert bildirdi ki, müxtəlif bölgələrdə baş verən müharibələr qızılın bahalaşmasına səbəb olur:
"Əgər dünyada həm iqtisadi həm də, siyasi sabitlik varsa qızılın da qiyməti stabil qalır. Müharibələr isə qızılın bahalaşmasına birbaşa təsir edən amillərdir. Hazırda dünyanın müxtəlif bölgələrində yaşanan çaxnaşmalar qızılın bahalaşmasına səbəb olur. Digər tərəfdən dövlətlər də qızıla böyük önəm verir. Ölkələrin əksəriyyəti böyük hesablaşmaları qızıl vasitəsi ilə edir. Bu isə qızılı daha da güvənli hala gətirir".
Vüqar Orucun sözlərinə görə, manata yatırım edilsə milli valyutamıza çox xeyri olar.
"Əslində biz çox istiyərdik ki, ölkədə əhali yatırımı manata etsin. Çünki bu milli valyutamızın daha da möhkəmlənməsinə kömək olar. Lakin hazırda, dollar manata nisbətən daha sabit olduğundan bir çox insan pulunu banklarda dollara çevirərək saxlayır. Kriptovalyutalara gəldikdə isə, bu gün onların payı sürətlə artmaqdadır. Artıq müəyyən yerlərdə ödənişi kriptovalyuta ilə etmək mümkündür. Lakin son olaraq bildirməliyəm ki, qızıla yatırım daha məqsədəuyğundur.
Ekspert ən yaxşı yatırımın biznes olduğunu söylədi:
"Mən bir iqtisadçı olaraq hər zaman bildirmişəm ki, ən yaxşı investisiya yaxşı planlaşdırılmış biznes qurmaqdır. Bu zaman etdiyiniz yatırımdan qazanacağınız gəlir daha çox olacaq. Bundan əlavə, daşınmaz əmlak alaraq da yatırım etmək olar. Çünki daşınmaz əmlak qiymətləri gün keçdikcə daha da bahalaşır".
