"Premium Bank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 14.846 milyon manat azalaraq 677.356 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 692.202 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 433.026 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 436.968 milyon manat kredit verildiyini nəzərə alsaq, 3.942 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 9.413 milyon manat, biznes kreditlərinin payı 388.636 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 34.977 milyon manat təşkil edib.

Beləliklə, bankın kredit portfelinin 89%-dən çoxunu biznes kreditləri təşkil edir.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 4.055 milyon manat azalaraq 336.608 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 125.827 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 11.136 milyon manat azalaraq 114.691 milyon manata enib.

Hesabatdan görünür ki, "Premium Bank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində dəyişməyərək 7.900 milyon manat olub.

Bankın nizamnamə kapitalı dəyişməyib - 154.601 milyon manat təşkil edib.

Hesabat dövründə "Premium Bank"ın faiz gəlirləri 23.998 milyon manat, faiz xərcləri isə 7.827 milyon manat təşkil edib.

"Premium Bank" mümkün zərərlər üçün 1.530 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın dövr üzrə xalis mənfəəti 7.881 milyon manata yüksəlib.

"Premium Bank"ın məcmu kapitalı isə 174.066 manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, "Premium Bank" 1994–cü ildən ”Azal Səhmdar Kommersiya Bankı” adı altında fəaliyyətə başlayıb. 2008-ci ildən etibarən onun hüquqi varisi olaraq “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir.