2025-ci ildə Xəzər dənizinin Azərbaycanda sektorunda yerləşən "Abşeron" yatağından 1,6 milyard kubmetr təbii qaz hasil olunub.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, "Abşeron" yatağından qaz hasilatı ilik müqayisədə 0,1 milyard kubmetr və ya 6,7 % çoxdur.

Məlumata görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 1,2 milyard kubmetr və 2,4 % artımla qaz hasil edilib.

Belə ki, ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 7,9 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi 2024-cü il ilə müqayisədə 0,2 milyard kubmetr və ya 2,6 % çoxdur.

Bildirilir ki, ötən il ərzində hasil edilən qazın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan, 27,9 milyard kubmetri "Şahdəniz" yatağından hasil olunub.

2024-cü ilin göstəriciləri ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,8 milyard kubmetr və ya 6 % çoxdur. "Şahdəniz" yatağından qaz hasilatı isə ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,1 milyard və ya 0,3 % çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02%) və MVM (5 %) şirkətləri iştirak edir.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.