Braziliyada öldüyü güman edilən və cənazəsi keçirilən 8 aylıq qız tabutda hərəkət etməyə başladığı zaman təcili olaraq xəstəxanaya aparılıb.

İndex.az xəbər verir ki, Kiara Crislayne de Moura dos Santos adlı körpə oktyabrın 19-da Braziliyanın Korreya Pinto şəhərindəki Faustino Riscarolli xəstəxanasına aparılıb.

Həkimlər körpənin nəfəs almadığını və ürək döyüntüsünün olmadığını müəyyən edib və onun ölümü barədə ailəsinə məlumat veriblər.

Ölüm xəbərindən iki saat sonra meyiti morqdan götürən Aureo Arruda Ramos Kiaranın ailəsi ilə birlikdə həmin gün keçiriləcək dəfn mərasiminin hazırlığına başlayıb.

Dəfn mərasimi həmin gün saat 19:00-da başlayıb. Kədərli valideynlər başsağlığı verərkən mərasimə qatılanlardan biri tabutda yatan körpənin hərəkət etdiyini görüb.

Qadın mərasimi dayandırdıqda körpənin qohumlarından biri dərhal tabutun yanına qaçaraq Kiaranı yoxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, öldüyü güman edilən körpə qohumunun əlini bərk-bərk tutub.

Zalda qəfildən böyük bir hay-küy yaranıb. Hadisə yerinə çağırılan tibb qrupları körpənin nəbzinin hələ də döyündüyünü müəyyən edib və Kiara yenidən xəstəxanaya aparılıb və 16 saat sonra öldüyü elan edilib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, o, aparıldığı xəstəxananın reanimasiya şöbəsinə aparılsa da, ürəyinin yenidən dayandığı açıqlanıb.

Körpələrini 24 saat ərzində ikinci dəfə itirən valideynlər Braziliya mediasına göz yaşları içində deyib: “Artıq məhv olmuşduq, sonra bir ümid yarandı, amma sonra bu baş verdi".

Xəstəxana isə körpənin səhvən "ölü" elan edildiyini etiraf edib və ailəsindən üzr istəyib.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmanın 30 gün ərzində tamamlanacağını açıqlayıb.