Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 158 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

İndex.az ARDNF-ə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 1 milyard 525 milyon ABŞ dolları və yaxud 26,8 % azdır.

Xatırladaq ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində ARDNF AÇG-dən 5 milyard 683 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 141 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 69 milyon ABŞ dolları və ya 6,4 % çoxdur.

Bu ilin ilk 7 ayında Neft Fonduna daxil olan vəsaitlərin 259,6 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 7 aylıq dövrü ilə müqayisədə 6,875 milyon ABŞ dolları və ya 2,7 % çoxdur.

Xatırladaq ki, ötən ilin ilki 7 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 1 milyard 072 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə  252,725 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).