"Muğanbank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 151.367 milyon manat azalaraq 647.971 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 799.338 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 447,416 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 453.771 milyon manat kredit verildiyini nəzərə alsaq, 6.355 milyon manatlıq azalmanın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 46.126 milyon manat, biznes kreditlərinin payı 264.255 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 139.734 milyon manat təşkil edib.

Beləliklə, bankın kredit portfelinin 59%-dən çoxunu biznes kreditləri təşkil edir.

3-cü rübün sonuna "Muğanbank"ın depozit portfeli 322.478 milyon manat olub. İlin əvvəlində bu göstərici 491.756 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 101.611 milyon manat azalaraq 293,044 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 97.101 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 67.667 milyon manat azalaraq 29.434 milyon manata enib.

Hesabatdan görünür ki, "Muğanbank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 388 min manatdan 419 min manata çatıb (31 min manat artım).

Bankın nizamnamə kapitalı cari ilin 3-cü rübündə ilin əvvəlinə nəzərən 55.000 milyon manat artaraq 107.500 milyon manatdan 162.500 milyon manata yüksəlib.

Hesabat dövründə "Muğanbank"ın faiz gəlirləri 31.070 milyon manat, faiz xərcləri isə 27.748 milyon manat təşkil edib.

"Muğanbank" mümkün zərərlər üçün 984 min manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın dövr üzrə xalis zərəri 1.287 milyon manat olub.

"Muğanbank"ın məcmu kapitalı isə 142.224 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.