İsveçrə alimlərinin apardığı araşdırmada mobil telefondan tez-tez istifadə edən kişilərin sperma sayının mobil telefondan az istifadə edənlərə nisbətən daha az olduğu müəyyən edilib.

İndex.az xəbər verir ki, mütəxəssislər tərəfindən nəzərdən keçirilən “Fertility and Sterility” tibb jurnalında dərc olunan araşdırmada 2005-2018-ci illər arasında hərbi xidmətə çağırılan 18-22 yaş arası 2886 kişinin mobil telefondan istifadəsi və sperma miqdarı izlənilib.

Nəticələrə görə, gündə ən az 20 dəfə cib telefonundan istifadə edən kişilərin ortalama sperma sayı 1 millilitrdə 44,5 milyon olub.

Bu rəqəm isə həftədə bir dəfə mobil telefondan istifadə edənlərin 1 millilitrdə olan ortalama sperma sayından 21% aşağıdır.

Maraqlısı odur ki, sperma sayına 2G və 3G interneti 4G və 5G interneti ilə müqayisədə daha çox təsir göstərir.