"Microsoft" və "Alphabet" yanvar-mart ayları üzrə balans hesabatlarını açıqlayıblar.

İndex.azxəbər verir ki, yanvar-mart aylarında ABŞ-ın texnologiya şirkətləri "Microsoft" və "Alphabet"in gəlirləri artıb.

Belə ki, "Microsoft"un gəlirləri yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 52,9 milyard dollara çatıb.

Qeyd edək ki, "Microsoft" 2022-ci ilin yanvar-mart aylarında 49,4 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti sözügedən dövrdə 9% artaraq 18,3 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,7 milyard dollar olmuşdu.

"Microsoft"un səhm üzrə qazancı da bu müddət ərzində səhmbaşına 2,22 dollardan 2,45 dollara yüksəlib.

Yanvar-mart aylarında "Alphabet"in gəlirləri isə, keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 69,8 milyard dollara çatıb.

Şirkətin 2022-ci ilin birinci rübündə gəliri 68 milyard dollar olmuşdu.

Şirkətin xalis mənfəəti isə birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8% azalaraq 15,1 milyard dollara düşüb.

“Alphabet” ötən rübdə 16,4 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin səhm üzrə mənfəəti isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu il 1,23 dollardan 1,17 dollara enib.