İlon Maska məxsus sosial media platforması X, bir qrup reklamçı və bəzi böyük şirkətləri platformanı qanunsuz olaraq boykot etdikləri və gəlir itkisinə səbəb olduqları səbəbilə məhkəməyə verib.

İndex.az xəbər verir ki, X İcraçı Direktoru (CEO) Linda Yakkarino sosial media hesabında reklamçılara açıq məktub paylaşıb.

Həmin məktubda Yakkarino X-nin Qlobal Məsul Media Alyansına (GARM), Ümumdünya Reklamçılar Federasiyasına (WFA) və GARM üzvləri "CVS Health", "Mars", "Orsted" və "Unilever"ə qarşı antiinhisar iddiası qaldırdığını bildirib.

ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin keçən ay "GARM-ın Zərərləri" adlı hesabatını oxuduğunu ifadə edən Yakkarino, hesabatda X də daxil olmaqla bir çox şirkətə qarşı qanunsuz boykotlara dair dəlillərin əldə edildiyini diqqətə çatdırıb.

Yakkarino bu təşkilatların və onların rəhbərlərinin qanunsuz hərəkətlərinin X milyard dollara başa gəldiyini bildirib.