Paris prokuroru Laure Beccuau, Luvrdakı qızıl-zinət oğurluğu ilə əlaqəli iki şübhəlinin cinayətlərini "qismən" etiraf etdiyini açıqladı.

İndex.az xəbər verir ki, prokuror bildirib ki, hər iki şübhəli “mütəşəkkil quldurluq” və “cinayətkar təşkilat yaratmaq” ittihamları ilə aparılan ibtidai istintaq çərçivəsində həbs edilib və onlar müvəqqəti həbsdə saxlanılacaqlar.

Qeyd edək ki, oktyabrın 19-da baş verən soyğunçuluqda oğrular kəsici alətlərdən istifadə edərək şüşə vitrinləri cəmi səkkiz dəqiqə ərzində sındıraraq, dəyəri 88 milyon avro olan 8 ədəd fransız tacının daş-qaşını oğurlamışdılar.

Şübhəlilərdən biri qaçarkən tutulub. Şübhəlilərdən biri 34 yaşlı Əlcəzair vətəndaşıdır. O, 2010-cu ildən Fransada yaşayır və şənbə günü gecə Şarl de Qoll hava limanında geri dönüş bileti olmadan Əlcəzairə uçmağa hazırlaşarkən tutulub.

Digər şübhəli, 39 yaşlı kişi də Parisin şimalındakı Aubervilliers rayonunda yaxalanıb. Onun DNT-si qızıl-zinət əşyaları olan şüşə vitrində və hadisə yerində qalan bəzi əşyaların üzərində tapılıb.

Prokuror Beccuau qızıl-zinət əşyalarının hələ tapılmadığını bildirərək, "Bu parçalar artıq satıla bilməz. Onları kim alarsa, "oğurlanmış əmlakı gizlətmək" cinayətini etmiş olar. Onların geri qaytarılması üçün hələ vaxt var" dedi.

Mütəxəssislər isə qorxurlar ki, oğurlanmış daş-qaşlar artıq sındırılıb və daşlar yenidən kəsilib.