Ölkəmizdə qiymət artımları stabil olaraq hər il müşahidə olunur. Bu artımlar isə əksər hallarda ya ilin sonuna ya da, ilin əvvəlinə təsadüf edir.

2023-cü ilin sonuna 3 aydan bir qədər artıq müddət qaldığını nəzərə alsaq yenidən qiymət artımına şahid ola bilərikmi?

İndex.az məsələ ilə bağlı iqtisadi ekspert Vüqar Oruc ilə əlaqə saxladı.

Ekspert İndex.az-a verdiyi açıqlamasında bildirdi ki, Azərbaycan sərbəst bazar iqtisadiyyatı şəraitində olduğundan qiymətlər də bazara uyğun şəkildə tənzimlənir:

"Ölkəmizdəki inflyasiya həddi, manatın alıcılıq qabiliyyəti, baş verən iqtisadi proseslər nəzərə alınaraq Tarif Şurası tərəfindən müxtəlif malların qiymətində ilin sonunda və ya əvvəlində bəzi dəyişikliklər həyata keçirilir. Hal-hazırda bununla bağlı rəsmi məlumat olmasa da, dünya iqtisadiyyatında qlobal problemlərin yaşandığı bir dövrdə ilin sonuna qədər qiymət artımının olması gözləniləndir. Hal-hazırda aparılan anti-terror əməliyyatları, azad olunan ərazilərin bərpası dünya iqtisadiyyatının sarsıntılı bir dövrdən keçməsi ölkə büdcəsinin yüklənməsinə səbəb olub. Təbii ki, dövlətimiz bütün bu baş verən proseslərin öhdəsindən məharətlə gəlir. Lakin ümumi mənzərəyə nəzər saldıqda, inflyasiya həddinin dəyişməsi, manatın alıcılıq qabiliyyəti, baş verən iqtisadi proseslər, dövlət büdcəsinin yüklənməsi təxminən 10-15%-lik bir qiymət artımının olacağına işarədir".

Həmçinin ekspert qeyd etdi ki, 2023-cü ildə dövlət tərəfindən tənzimlənən məhsullarla yanaşı, sərbəst bazar subyektlərinin də qiymətlərində artım müşahidə olunub:

"Çünki bir sahədə qiymətlər artırılırsa, bu, birbaşa olaraq digər sahələrə də təsir göstərir. Ümumiyyətlə il sonları istər sahibkarlar, istərsə də dövlət tərəfindən büdcəyə yenidən baxış keçirildiyi üçün qiymət artımı qaçınılmaz olur. Bununla yanaşı, azad olunmuş torpaqlarımıza xarici şirkətlər tərəfindən sərmayə qoyulması ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Böyüyən iqtisadiyyatda isə, qiymət artımı hər zaman olub. Lakin bu qiymət artımlarına uyğun olaraq əməkhaqqılarda da artım olacağı gözlənilir. Məndə olan məlumata görə gələn il minimum əməkhaqqı 10-12% civarında artırılacaq".