Artıq Bakını tıxacsız təsəvvür etmək qeyri-mümkündür. Bakıda bu qədər tıxac olması normaldırmı? Ümumiyyətlə tıxaclara nə səbəb olur?

Məsələ ilə bağlı İndex.az-a müsahibə verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev böyük şəhərlərdə tıxacın olmasının normal hal olduğunu bildirdi:

"2004-cü ilə qədər şəhər əhalisi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri olan tramvay və trolleybuslardan istifadə edirdi. Təəssüflər olsun ki, Bakıda bu nəqliyyat növləri 2004-cü ildə ləğv olundu və mövcud küçələrin dizaynı dəyişdirilərək daha geniş küçələr formalaşdırıldı. Bu isə onsuz da artmaqda olan avtomobil sayının daha da yüksəlməsinə stimul verdi. Avtomobillərin sayının sürətlə artması dar küçələrdə tıxanmaya səbəb oldu. Xülasə, Bakıda ictimai nəqliyyatın müxtəlif növlərindən istifadə olunmaması Bakı yollarında hərəkəti çətinləşdirdi".

- Sizcə ictimai nəqliyyatdan yanlış istifadə tıxacların yaranmasında önəmli rol oynayırmı?

- Bəli. Bakıda ictimai nəqliyyatın müxtəlif növlərindən istifadə olunmalıdır. 1960-cı illərdə Avropanın bir sıra ölkələri eyni bizdə olduğu kimi tramvay və trolleybuslardan imtina edərək əvəzində avtomobil yollarını genişləndirdi. Lakin çox keçmədən, cəmi 10 il sonra bu qərarın yanlış olduğunu anlayıb tramvay və trolleybuslu ictimai nəqliyyata yenidən qayıtdılar. Hətta qeyd edim ki, bu gün biz dünyanın bir sıra ölkələrində bu nəqliyyat növlərinin öz intibah dövrünü yaşadığını görürük.

- Bakıda son illər avtomobillərlə yanaşı piyadaların hərəkəti də çətinləşib. Bəzi yerlərdə səkilər dardır, bəzilərində isə ümumiyyətlə heç yoxdur. Velosiped və skuterlər üçün isə hərəkət mümkünsüzdür.

- Hər şəhərin öz mobillik planı olmalıdır. Şəhərdə həm insanların piayada hərəkəti üçün qısa məsafəli mobillik, həm velosiped və skuterlərin rahat hərəkəti üçün mikromobillik, həm də, ictimai nəqliyyatın tıxaclara ilişmədən davamlı hərəkəti üçün uzun məsafəli mobillik təşkil edilməlidir. Bakıda isə hal-hazırda üç hərəkət növünün hər birində problemlər var. Qısa məsafəli mobilliyin başlıca özəlliklərindən biri, insanlar üçün vacib olan xəstəxana, supermarket, park, təhsil müəssisəsi və s. yerlərin hər mənzil üçün cəmi 15 dəqiqəlik məsafədə olmasıdır. Əlavə olaraq insanların təhlükəsiz hərəkəti üçün səkilərin geniş və davamlı olması önəmlidir. Belə olduqda insanlar istirahət etmək üçün, müalicə almaq üçün, təhsil almaq üçün şəhərin bir başından digər başına axın etmək məcburiyyətində qalmaz. Bakıda tıxacı yaradan ən böyük səbəblərdən biri məhz şəhər əhalisinin səhər və axşam eyni istiqamətdə axın etməsidir.

Müsahibənin geniş variantı ilə  tanış ola bilərsiniz.