"Bank of Baku" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 115.298 milyon manat artaraq 816.529 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 701.231 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 643.085 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 577.534 milyon manat kredit verildiyini nəzərə alsaq, 65.551 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 452.386 milyon manat, biznes kreditlərinin payı 157.760 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 32.938 milyon manat təşkil edib.

Beləliklə, bankın kredit portfelinin 70%-dən çoxunu istehlak kreditləri təşkil edir.

3-cü rübün sonuna "Bank of Baku"nun depozit portfeli 451.780 milyon manata çatıb. İlin əvvəlində bu göstərici 365.532 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 93.466 milyon manat artaraq 423.485 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 35.513 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 7.218 milyon manat azalaraq 28.295 milyon manata enib.

Hesabatdan görünür ki, "Bank of Baku"nun kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 123.669 milyon manatdan 137.698 milyon manata yüksəlib (14.029 milyon manat artım).

Bankın nizamnamə kapitalı dəyişməyib - 52.870 milyon manat təşkil edib.

Hesabat dövründə "Bank of Baku"nun faiz gəlirləri 94.116 milyon manat, faiz xərcləri isə 29.339 milyon manat təşkil edib.

"Bank of Baku" mümkün zərərlər üçün 62.928 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın dövr üzrə xalis mənfəəti 24.371 milyon manata yüksəlib.

"Bank of Baku"nun məcmu kapitalı isə 139.768 manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb. Bankın səhmlərinin 35%-i “NAB Holding”ə,31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-ə, 5%-i isə Elçin İsayevə məxsusdur.