Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri zamanı iki ölkə arasında gəmiçilik sənayesində rekord qıran müqavilə imzalanıb.
İndex.az xəbər verir ki, Çinin iqtisadiyyat və maliyyə xəbərləri xidməti "Caixin" yaydığı məlumata görə, Fransa gəmiçilik şirkəti "CMA CGM", Çinin "Dövlət Gəmiqayırma Korporasiyası" (CSSC) ilə 16 böyük konteyner gəmisinin inşası üçün razılığa gəlib.
Ümumi dəyəri 3,2 milyard dollar olan sövdələşmə, Çin şirkətinin aldığı ən böyük həcmli gəmi sifarişidir.
Gəmilər Çinin Şanxay və Dalian şəhərlərindəki CSSC gəmiqayırma zavodlarında tikiləcək.
Baş ofisi Marseldə yerləşən "CMA CGM", 606 konteyner gəmisindən ibarət donanmaya sahibdir.
"Covid-19" epidemiyası zamanı gücünün artması ilə şirkət, Çinin "Cosco" şirkətini geridə qoyaraq dünyanın üçüncü ən böyük gəmiçilik şirkəti oldu.
Fevral ayında Cənubi Koreyadakı bir gəmiqayırma zavoduna 12 gəmi sifariş edən şirkət, donanmasına 101 yeni gəmi əlavə edərək, Danimarkanın "Maersk" şirkətinin hazırkı tutumuna çatmağı hədəfləyir.
