Almaniyada güclü qar yağması və yolların buz bağlaması səbəbindən ölkənin ən böyük hava nəqliyyatı qovşağı olan Frankfurt hava limanında gün ərzində planlaşdırılan 1052 reysdən 98-i ləğv edilib.

İndex.az DW agentliyinə istinadən xəbər verir ki, bu barədə hava limanı operatoru "Fraport" şirkəti məlumat verib.

"Sərnişinlərə hava limanına getməzdən əvvəl reyslərin statusunu yoxlamaq və hava şəraitini nəzərə alaraq yola əlavə vaxt ayırmaq tövsiyə olunur", - məlumatda qeyd edilib.

Almaniya Meteorologiya Xidməti (DWD) Frankfurt hava limanının yerləşdiyi Hessen ərazisinin bəzi bölgələrində yolların buz bağlaması ilə əlaqədar əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edib.