Bu il yanvarın 1-nə Azərbaycanın əsas su anbarlarında su ehtiyatlarının həcmi 16,4 milyard kubmetr təşkil edib.
İndex.az xəbər verir ki, bunu bu gün Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, 2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir: "Su təsərrüfatı balansı əvvəlki üç il üzrə faktiki hesabat ili üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərini özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir. Su ehtiyatlarının içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarında su ehtiyatlarının həcmi bu il yanvarın 1-nə 16,4 milyard kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyard kubmetr və ya 60 % çoxdur".
O qeyd edib ki, eyni zamanda, ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanıb. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb.
