"Bank Avrasiya" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, "Bank Avrasiya"nın 3-cü rüb üzrə açıqladığı hesabata əsasən, bankın aktivləri ilin əvvəlinə nəzərən 25 milyon 24 min manat azalaraq 202 milyon 243 min manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 224 milyon 268 min manat təşkil edib.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 142 milyon 242 min manat təşkil edib. İlin əvvəlində bu göstərinin 125 milyon 352 min manat olduğunu nəzərə alsaq, 16 milyon 890 min manatlıq artımın olduğunu görürük.

Hesabatdan məlum olur ki, bankın verdiyi həm istehlak, həm biznes, həm də ipoteka kreditlərinin həcmində artım müşahidə olunub. Belə ki, 2023-cü ilin əvvəlində 8 milyon 876 min manat olan istehlak kreditləri 6 milyon 113 min manat artaraq 2023-cü ilin 3-cü rübün sonunda 14 milyon 980 min manata, 66 milyon 900 min manat olan biznes kreditləri 4 milyon 212 min manat artaraq 71 milyon 112 min manata, 49 milyon 574 min manat olan daşınmaz əmlak kreditləri 6 milyon 565 min manat artaraq 56 milyon 139 min manata çatıb.

Hesabat dövrünün sonunda "Bank Avrasiya"nın depozit portfeli 65 milyon 308 min manat təşkil edib. İlin əvvəlində bu göstərici 79 milyon 699 min manat təşkil edib.

2023-cü ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin banka qoyduğu depozit 7 milyon 391 min manat azalaraq 67 milyon 71 min manatdan 59 milyon 680 min manata enib.

2023-cü ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozit 12 milyon 628 min manat olduğu halda, 2023-cü ilin III rübündə bu göstərici 7 milyon 1 min manat azalaraq 5 milyon 627 min manat olub.

"Bank Avrasiya"nın 2023-cü ilin III rübündə kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2023-cü ilin əvvəlinə nəzərən 11 milyon 84 min manat azalaraq 69 milyon 292 min manatdan 58 milyon 208 min manata enib.

Bankın nizamnamə kapitalı dəyişməz qalıb - 50 milyon manat.

Hesabata əsasən, bölüşdürülməmiş mənfəət 25 milyon 801 min manat olub.

"Bank Avrasiya"nın faiz gəlirləri 2023-cü ilin əvvəlinə nəzərən 2023-cü ilin III rübündə 2 milyon 989 min manat artaraq 9 milyon 227 min manatdan 12 milyon 216 min manata yüksəlib.

Faiz xərcləri isə ilin əvvəli ilə müqayisədə 1 milyon 133 min manat artaraq 2 milyon 540 min manata çatıb.

2023-cü ilin III rübündə xalis faiz gəlirləri 9 milyon 255 min manat təşkil edib. Bu, 2023-cü ilin əvvəlinə (6 milyon 827 min manat) nəzərən 2 milyon 428 min manat çoxdur.

"Bank Avrasiya"nın əməliyyat mənfəəti 2023-cü ilin əvvəlində 4 milyon 50 min manat olduğu halda, 2023-cü ilin III rübündə 1 milyon 454 min manat artaraq 5 milyon 504 min manat təşkil edib.

2023-cü ilin III rübündə bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 1 milyon 551 min manat olub.

Dövr üzrə xalis mənfəət 3 milyon 952 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2 milyon 862 min manat artım deməkdir.

"Bank Avrasiya"nın məcmu kapitalı isə 75 milyon 327 min manat təşkil edib. Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.