Ermənistan hökuməti bu gün 2026-2030-cu illər üçün turizmin inkişafının strateji proqramını təsdiqləyib.

İndex.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

"Strateji proqramın həyata keçirilməsi nəticəsində biz, məsələn, 2030-cu ilə qədər ən azı 3 milyon xarici turist qəbul etməyi, turizmdən təxminən 3,8 milyard ABŞ dolları gəlir əldə etməyi, bunun 750 milyon dollarının dövlət büdcəsinə daxil olmasını, 4,5 milyon yerli turistə sahib olmağı və sektor hesabına əlavə olaraq 20 min yeni iş yerinin yaradılmasını planlaşdırırıq", - deyə o qeyd edib.

G.Papoyanın sözlərinə görə, strateji planda turizm sektorunun inkişafı üçün üç əsas istiqamət nəzərdə tutulub: mədəniyyət, qastronomiya, macəra turizmi.

Nazir qeyd edib ki, həmçinin aqroturizm, MICE-turizm (korporativ tədbirlərin təşkili ilə bağlı işgüzar turizm seqmenti), dini, tibbi və kurort turizminin inkişafı da nəzərdə tutulur.

Bundan əlavə, Ermənistan hökuməti ölkənin iqtisadi və institusional transformasiyası doktrinasını təsdiqləyib, bu da ölkənin iqtisadi strukturunu və dövlət institutlarını yenidən nəzərdən keçirməyə və gücləndirməyə yönəlib. Sənəd 42 səhifədən ibarətdir.