Ermənistanın Azərbaycandan idxal etdiyi benzinin birinci partiyası bir neçə gün ərzində satılıb.
İndex.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
"Gətirilən benzin bir neçə gün ərzində satılıb, yəni tələbat çox yüksəkdir", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandan Ermənistana bir neçə min ton həcmində yeni benzin partiyası daxil olur və idxal əvvəlki kimi eyni şirkətlər tərəfindən həyata keçirilir.
"Yenilik bundan ibarətdir ki, təkcə premium benzin deyil, həm də regular və dizel yanacağı idxal olunur. İlkin qiymətləndirmələrə görə, onların qiyməti bazar qiymətindən təxminən 80 dram aşağıdır", - o bildirib.
Xatırladaq ki, dekabrın 19-da gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb. Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Bununla bağlı razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
İkinci tədarük partiyasına 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin daxildir.
