Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Ərdoğan Türkevidə keçirilən dəyirmi masa toplantısında ABŞ-da fəaliyyət göstərən bəzi beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

İndex.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki son müsbət atmosferdən məmnun qaldıqlarını ifadə edib: "Bütün dünya kimi biz də noyabrın 5-də Amerikada keçiriləcək prezident və Konqres seçkilərini yaxından izləyirik. Seçkilərin nəticəsi, prezident kimin olmasından asılı olmayaraq, Amerikaya baxışımız və münasibətlərimizdə yüksək səviyyəli dialoqumuz dəyişməyəcək".

Ərdoğan ikitərəfli münasibətlərin hərtərəfli müzakirə edildiyi strateji mexanizmin sonuncu iclasının mart ayında Vaşinqtonda keçirildiyini xatırladıb.

Ərdoğan qeyd edib ki, bu görüşdə terrorla mübarizədən müdafiə sənayesinə, enerjidən iqlim və ətraf mühit məsələlərinə qədər yeni məsləhətləşmə mexanizmləri yaradılıb.

Prezident Ərdoğan əlavə edərək deyib: "Ticarət həcmimiz keçən il 30 milyard dolları keçsə də, bu rəqəmi 100 milyard dollara çatdıra biləcəyimizə inanırıq".