Vəkil Səbuhi Axundov Əmək və Sosial Müdafiə Nazirliyinin Qazax-Tovuz regional filialının əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı redaksiyamıza müraciət edib.

İndex.az-a danışan Səbuhi Axundovun sözlərinə görə, nazirliyin əməkdaşları atası Axundov Mübariz İslam oğlunun təqaüdündən ayda 40 manata yaxın pul tutmağa başlayıblar.

Vəkil bildirib ki, nazirlik əməkdaşlarının sözlərinə görə, bu məbləğin tutulmasının səbəbi pensiyanın əvvəldən düzgün hesablanmamasıdır.

Lakin S.Axundov bunun tamamilə qanunsuz olduğunu bildirir:

"İşin hüquqi tərəfi də budur ki, vətəndaşın razılığı olmadan onun pensiyasından tutma etmək olmaz. Bu, yalnız məhkəmə qaydasında mümkündür. Əmək pensiyaları haqqında qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur".