İsveçin bərpa olunan enerji şirkəti "Modvion", hündürlüyü 150 metr olan dünyanın ən hündür taxta turbin qülləsinin quraşdırılmasını başa çatdırıb.

İndex.az xəbər verir ki, "Modvion" rekord qıran qüllələrinin qalın divarlarını tikmək üçün laminasiya edilmiş şpondan (LVL) istifadə edib.

Qüllənin əyri hissələrini yaratmaq üçün sıxılmış ladin və yapışqan təbəqələrindən istifadə olunub.

Taxta poladdan daha yüngül olduğundan, daha az materialla daha hündür qüllə ərsəyə gətirilib.

Bu yanaşma poladda da istifadə oluna bilər, lakin əyri hissələrin poladla yığılması həm xərcləri, həm də texniki xidmət problemlərini artırır.

Digər bir məsələ bu gün bərpa olunan enerji həlləri ilə bağlı paradoksdur.

Belə ki, daha böyük külək turbinləri daha çox bərpa olunan enerji istehsal etsə də, həm də daha çox polad tələb edir.

Polad istehsalı əsasən qalıq yanacaqlardan istifadə etməklə həyata keçirilir ki, bu da bərpa olunan enerji mənbələrinin azaltmağı hədəflədiyi karbon emissiyalarını artırır.