Dünyanın ən böyük iqtisadiyyatlarının paytaxtları arasında birotaqlı mənzil üçün ən yüksək aylıq kirayə haqqı London və Sinqapurda qeydə alınıb.

İndex.az “RİA Novosti” agentliyinin hesablamalarına əsasən xəbər verir ki, bu şəhərlərdə mənzillərin kirayə qiyməti 2,7 min dollardan çoxdur. Rusiya paytaxtı Moskva isə bu reytinqdə 46-cı yeri tutur.

Britaniyanın paytaxtı Londonda orta qiymət düz 2,7 min dollar təşkil edir, şəhərin mərkəzindəki ev üçün isə artıq 3,1 min dollar ödəmək lazım olacaq. Demək olar ki, eyni qiymətlər Sinqapurda da mövcuddur.

ABŞ-nin paytaxtı Vaşinqtonda (2,3 min dollar), Amsterdamda (2,25 min) və Dublində (2,2 min) kirayə xeyli əlçatandır. İlk onluğu Reykjavik, Lüksemburq, Honq Konq, Bern və Kopenhagen tamamlayır, qiymətlər 2,16 mindən 1,75 min dollara qədərdir.

Məlumatlarına görə, Moskvada orta kirayə qiyməti 687 dollara çatır. Ən ucuz paytaxt isə Banqladeşin Dakka şəhəri olub. Burada bir aylıq yaşayış cəmi 93 dollara başa gəlir. Ən büdcəli variantlar arasında həmçinin İslamabad, Lusaka, Qahirə, Əlcəzair və Nyu-Deli də var, buralarda qiymətlər 200 dollardan aşağıdır.