75 milyon dollar yerli hüquq-mühafizə orqanları üçün prinsip məsələsinə çevrildi
Rusiyalı investoru talayan beynəlxalq dəstənin üzvləri Bakıda ümumilikdə 17 ildən çox azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin görünür ki, hələ dəstə üzvlərinin hamısı müttəhimlər kürsüsündə deyil.
İndex.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel tarixli hökmü ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində səkkiz il müddətinə azadlıqdan məhrum edilən Anton Klubkov və Qriqori Arefyev cəza müddətini tamamladıqdan sonra Azərbaycan Respublikasından çıxarılacaqlar. Cinayətkarların köməkçisi Emil Əhmədov isə işin hallarına görə 1 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Klubkov və Arefyev cinayət yolu ilə əldə edilmiş əmlakın maddi maraqla leqallaşdırılmasında və külli miqdarda vəsaitin qanunsuz olaraq Azərbaycan Respublikasına köçürülməsində təqsirli bilinən dəstənin üzvləridir.
Hökmün mətnindən göründüyü kimi, beynəlxalq dəstə rusiyalı investordan mənimsədiyi vəsaitin yalnız az bir hissəsini Azərbaycana gətirib. 75 milyon dollardan artıq məbləğ Dubayda seyf kamerasında saxlanılırmış və 2023-cü ilin noyabrında təşkil olunmuş cinayətkar qrup tərəfindən oğurlanıb. Bu vəsaitin bir hissəsi kriptovalyutaya çevrilərək Azərbaycana köçürülüb və burada qanunsuz şəkildə leqallaşdırılıb.
Cinayət işinin materiallarından bəlli olur ki, Arefyev investorun vəsaiti ilə yaradılmış “Ridrive Car Rental” nəqliyyat şirkətinin rəhbəri olsa da, onu məsafədən verilmiş etibarnamə ilə Ukrayna vətəndaşı olan digər dəstə üzvü Oleksandr Jukova ötürüb. Arefyev bunu hədə-qorxu altında etdiyini iddia edir. Jukov isə şirkəti dərhal isveç vətəndaşlığına malik misirli Məhəmməd Əbdülqədirə satıb. Əbdülqədir bu planın iştirakçısı kimi, biznesi inkişaf etdirmək niyyətində olmayıb və tez bir zamanda şirkətin aktivlərini – 850-dən çox avtomobili sataraq fırıldaqçılara əlavə olaraq 20 milyon dollardan çox gəlir qazandırıb.
Dubayda seyflərdən oğurlanmış 75 milyon dollardan artıq vəsaitin mövcudluğunu təqsirini tam etiraf edən Anton Klubkov Bakı Ağır Cinayətlər məhkəməsində də təsdiqləyib. Onun ifadələrindən belə çıxır ki, müttəhimlər kürsüsünə çıxarılanlar yalnız “xırda balıqlardır”.
Görünür, əsl “iri balıqlar” məhkəmə hökmündə adı çəkilən Şamil Ədiyev (“Sultan” ləqəbi ilə tanınır), Vanuatu vətəndaşı olan və uzun müddət BƏƏ-də yaşamış Sergey Sergeyev, eləcə də artıq adı çəkilən Oleksandr Jukovdur. Ehtimallara görə, bu şəxslər oğurluq planını təşkil ediblər və Klubkovla Arefyevin vasitəçiliyindən istifadə ediblər. Daha sonra isə onlara Dubaydan Bakıya gəlmək tapşırılıb və Emil Əhmədovun himayəsinə verilib. Onlara 4 milyon dollar dəyərində kriptovalyuta, 10 min dollar nağd pul və 180 min avrodan çox məbləğ olan kartlar verilib.
Maraqlıdır ki, məhkəmədə ifadə verən Emil Əhmədovun dediyinə görə, dostları Azərbaycanda vaxtlarını keflə keçiriblər – “Sultan”ın xahişi ilə Əhmədov bir ay yarım onların bələdçisi olub, hətta yerli hamamlara da aparıb. Lakin bu “mədəniyyət proqram ının” davamına 2024-cü ilin yanvarında qapını döyən polis əməkdaşları mane olub.
Aydındır ki, bu hekayədə hələ nöqtə qoyulmayıb. Çünki Azərbaycanda yalnız Dubayda oğurlanan vəsaitin təxminən iyirmidə bir hissəsi aşkarlanıb. İndi növbə cinayətkarların sığındığı digər ölkələrin hüquq-mühafizə orqanlarındadır.
Azərbaycan Respublikasının istintaq və məhkəmə orqanlarının işi bir daha göstərir ki, ölkə maliyyə fırıldaqçılığına qarşı prinsipial mövqe tutur. Belə ki, mayın 5-də yenə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məbləğdə vəsaitin leqallaşdırılması və kibercinayətlər yolu ilə vergidən yayınmaqda ittiham olunan daha bir cinayətkar dəstə ilə bağlı məhkəmə prosesi keçirilib. Bundan əvvəl Daxili İşlər Nazirliyinin Yasamal rayonu ərazisində qanunsuz pul köçürmələrinə qarşı keçirdiyi xüsusi əməliyyat nəticəsində 6 şübhəli şəxs saxlanılıb, onlara məxsus əmlakın ümumi dəyəri isə yarım milyard manata yaxın olub.
