Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin kreditlərin dollarlaşmasından xeyli yüksək qalması valyuta öhdəlikləri ilə əsasən manatla formalaşan aktivlər arasında struktur valyuta disbalansına səbəb olur.
İndex.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd olunub.
Agentlik bildirir ki, Azərbaycan prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində bir sıra islahatlara start verib. Bu çərçivədə “Bazel III” standartlarının mərhələli tətbiqi davam edir, idarəetmənin təkmilləşdirilməsi, məlumatların açıqlanması və makroprudensial nəzarət üzrə təşəbbüslərlə yanaşı, riskəsaslı nəzarət sisteminin pilot tətbiqi həyata keçirilir. İslahatlar hələ ilkin mərhələdə olsa da, onların tam icrası beynəlxalq tənzimləmə təcrübəsi ilə fərqin azalmasına töhfə verməlidir. Bununla belə, bank sektoru artan depozit bazası hesabına sabit maliyyələşdirmə profilini qorumaqdadır.
“S&P” analitiklərinin qiymətləndirməsinə görə, depozitlərin dollarlaşması COVID-19 pandemiyasından əvvəlki 55 %-dən 29 %-ə düşüb. “Bu azalmaya manat depozitləri üzrə daha yüksək faiz dərəcələri və məzənnənin uzunmüddətli sabitliyi dəstək verib. Lakin agentlik xəbərdarlıq edir ki, bu göstərici etimad amilinə son dərəcə həssasdır və valyuta məzənnəsinə təzyiqin yenidən artacağı təqdirdə əmanətçilərin xarici valyutaya sürətli dönüşü mümkündür”, - hesabatda deyilir.
