ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun mərkəzindən evsizləri köçürmək niyyətində olduğunu bildirib.
Bu barədə İndex.az xarici mətbuata istinadən xəbər verir.
"Mən paytaxtımızı əvvəlkindən daha təhlükəsiz və gözəl etmək istəyirəm. Evsizlər dərhal şəhər mərkəzini tərk etməlidirlər. Biz onlara yaşayış yeri təmin edəcəyik, lakin paytaxtdan kənarda. Cinayətkarları isə həbsxana gözləyir – onların yeri oradır. Hər şey sərhəddə olduğu kimi çox tez baş verəcək", – o, “Truth Social” sosial şəbəkəsində yazıb.
D.Trampın sözlərinə görə, onun planı təkcə cinayətkarlıqla mübarizə tədbirlərini deyil, həm də şəhərin abadlaşdırılmasını əhatə edir. Siyasətçi təşəbbüsünü bazar ertəsi mətbuat konfransında ətraflı təqdim etmək niyyətindədir.
Ayrı bir paylaşımda isə o qeyd edib ki, "cinayətkarlıq göstəriciləri pisləşməyə davam edir, şəhər isə daha çirkli və daha az cəlbedici olur".
D.Tramp vurğulayıb ki, "çadırlar, yoxsulluq, çirk və cinayətkarlıq" meydana çıxana qədər Vaşinqton "dünyanın ən gözəl şəhəri" idi və söz verib ki, o yenidən belə olacaq.
