Ölkə bazarlarında qiymət artımları artıq ənənə halını alıb. Belə ki, hər bayramda həmin bayrama özəl məhsulların qiyməti kəskin şəkildə artır. Hətta bu qiymət artımları rayonlararası marşrut qiymətlərində də öz təsirini göstərir.

Bəs bazarlarda qeydə alınan bu süni artımları tənzimləmək olarmı?

İndex.az mövzu ilə bağlı deputat Rüfət Quliyevlə əlaqə saxladı.

İndex.az-a danışan deputat bildirdi ki, Azərbaycan iqtisadiyyatının 85%-i bazar iqtisadiyyatı yolu ilə inkişaf edir:

"Bazar iqtisadiyyatının isə əsas qanunları var: tələb, təklif, rəqabət. Tələb və təklif sayəsində bazarlarda qiymət formalaşır. Son olaraq qiymətə rəqabət təsirini göstərir. Bir çox məhsullarda qiymət artımı mövsümi xarakter daşıyır. Buna otelləri misal göstərmək olar. Turistlərin çox olduğu mövsümlərdə otel qiymətləri bahalaşarkən, turistlərin azlıq təşkil etdiyi mövsümlərdə bu qiymətlər normadan aşağı olur. Qiymət artımının yeganə həll yolu məhsul bolluğudur. Əgər mövsümdən asılı olaraq məhsula tələb artıbsa, qiymət artımının qarşısını almaq üçün o məhsuldan bazara çox çıxarılmalıdır. Bunun üçün isə dövlət tərəfindən şərait yaradılıb".

Rüfət Quliyev məmurların qiymətlərə müdaxiləsi nəticəsində yarana biləcək vəziyyəti belə şərh etdi:

"Əgər dövlət məmurları qiymətlərə müdaxilə etməyə başlasa bazarda kifayyət qədər bərbad vəziyyət yaranacaq. Sahibkarlardan hansısa məhsulun qiymətində endrim etməsini tələb etmək xaotik durum yarada bilər. İstər xidmət, istərsə də satış sahəsində qiymət artımının qarşısını almaq üçün yeganə yol məhsulu bazara çox təklif etməkdir".