Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərin qanunla müəyyən olunan sosial sığorta ödənişlərini büdcəyə ödəməyib. Nəticədə işçilər pensiya kapitalından məhrum olublar.

Onlardan biri Təranə Şahmuradova İndex.az-a müraciət edərək qarşılaşdığı problemin çözülməsinə dəstək almadığını bildirib. Onun sözlərinə görə, 1989-2013-cü illərdə “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də çalışıb. Qanunvericilikdə dəyişiklik edildikdən sonra Dövlət Sosial Müdafiə Fondunda şəxsi hesab açılıb və əməkhaqqısına uyğun olaraq ödədiyi məcburi dövlət sosial sığorta haqları orada toplanıb. Eyni zamanda MMC-nin işçi üçün 22%-lik sosial ödəniş öhdəliyi də həmin hesabda toplanıb:

“Aprel ayında topladığım vəsaitin həcmini dəqiqləşdirmək üçün öz hesabıma daxil oldum. Məlum oldu ki, 2010-cu ildə çalışdığım “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC Dövlət Sosial Müdafiə Fonduna mənə görə ödəməli olduğu vəsaiti ödəməyib. Ona görə mənim hesabımda 750 manat əskik yaranıb. Məsələni aydınlaşdırmaq üçün əvvəlcə elektron qaydada Fonda müraciət etdim. DSMF-nin sədr müavininin imzası ilə mənə göndərilən məktubda bildirdilər ki, problemlə bağlı MMC-yə müraciət edim”.

T.Şahmuradova növbəti dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron ünvanına müraciət edərək qurumun tabeliyindəki Xidmətin qanunsuz əməlindən şikayət edib. Vəsaitin pensiya hesabına ödənilməsini istəyib.

Qeyd edək ki, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC bir müddət əvvəl ləğv edilərək səlahiyyətləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə verilib. Ona görə də həmin öhdəliklər də bu quruma aiddir. T.Şahmuradovanın Nazirliyə ünvanladığı məktuba elə Xidmətdən cavab verilib. Bildirilib ki, adıçəkilən MMC yarandığı tarixdən dövlət büdcəsindən maliyyələşən təşkilat olmaqla əməkhaqqı və onunla əlaqəli olan digər sosial ödənişlər üzrə vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri hesabına formalaşıb:

“Lakin 2010-cu ilin dövlət büdcəsinin xərc istiqamətlərində Cəmiyyətin əməkhaqqı üzrə xərcləri ilə əlaqədar vəsait nəzərdə tutulsa da həmin əməkhaqları ilə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün vəsait ayrılmayıb. Bu səbəbdən sizin 2010-cu il üzrə əməkhaqlarınızdan hesablanmalı və ödənilməli olan sosial sığorta haqlarının tam məbləğdə sığortaçıya ödənilməsi həyata keçirilməyib”.

Beləliklə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəsmi və qeyri-rəsmi formada borcunu ödəməkdən boyuq qaçırır. T.Şahmuradova bildirib ki, özündən əlavə 1000 nəfərə yaxın əməkdaşın da ödənişi həyata keçirlməyib. İnsanların pensiya təminatı hüququ pozulub:

“Amma bu mənim haqqımdır. 750 manat mən pensiya alan zaman əhəmiyyəti böyükdür. Lakin onu nə MMC, nə də Xidmət ödəmir. Mənə mühasibatlıqldan şifahi formada bildirdilər ki, əməkdaşların sosila sığorta ödənişlərinin Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi ilə bağlı məhkəmə olub. Orada Fondun iddiası təmin olunmayıb və həmin vəsaitlər də ödənilməyəcək. İndi mən hara müraciət edim? Kimi məhkəməyə verim? Məhkəməni necə qazanım? Bir fiziki şəxs kiçik sahibkar kimi sosial sığorta haqqını ödəmədikdə onu dərhal cərimə edirlər, bəs bu qədər vətəndaşın haqqını ödəməyən dövlət müəssisələrinin hesabatlarına niyə göz yumulur?”

Vətəndaşın haqlı sualları hələ də açıq qalır. İqtisadçı Qalib Togrul isə digər məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, dövlət qurumları gəlir əldə etmək, eyni zamanda büdcədən maliyyələşməni saxlamaq üçün MMC yaratmaq kimi zərərli praktikadan geniş istifadə edirlər:

“Sosial sığorta məsələsinə gəlincə, "Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinin (Sosial sığortanın iştirakçıları) 3-cü hissəsinə görə, sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.

Yəni, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC bu məsələdə istisna təşkil etmir. Sığortaedən olaraq bir hüquqi şəxs kimi əməkhaqqı fondundan və işçinin əməkhaqqından müvafiq tutulmaları edib, sığortaçıya (DSMF) ödəmək onun vəzifəsidir. Əgər qeyd olunan MMC bu vəzifəni yerinə yetirməyibsə, o zaman bu məsələyə görə həm MMC, həm də DSMF məsuliyyət daşıyır”.

Xatırladaq ki, vaxtilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılarkən, agentlik məcburi sosial sığorta ödənişindən azad edilib. Bu hal onun əsasnaməsində nəzərdə tutulub.

Q.Toğrul bu nümunənin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC üçün keçərli olmadığını vurğulayıb. MMC üçün belə hal hər hansı sənəddə nəzərdə tutulmayıb, çünki qanunvericilik buna imkan vermir.

İqtisadçı işçinin pozulmuş hüquqlarının bərpası üçün T.Şahmuradovanın məhkəməyə müraciət etməsini məsləhət bilib.

Yaranan suallara aydınlıq gətirmək üçün mövzuya yenidən qayıdacağıq.