Türkmənistan və Azərbaycan münasibətlərinin yaxınlaşması sözügedən ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) üzvülük məsələsini gündəmə gətirib.
Qeyd edək ki, Türkmənistan hazırda təşkilatda müşahidəçi statusunu daşıyır. Təşkilatın əsas məqsədi türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və strateji əməkdaşlığı gücləndirməkdir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən deputat, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Türk Dövlətləri Təşkilatı inteqrasiyanın yeni mərhələsindədir və bu, Türkmənistanın da TDT-ə tam üzvlüyünə gətirib çıxaracaq.
“Türk dövlətləri arasında münasibətlər hələ SSRİ-nin süqutundan və Türkdilli respublikaların müstəqillik qazanmasından dərhal sonra formalaşmağa başlayıb. Müstəqilliyin ilk illərində keçirilən dövlət başçılarının Zirvə görüşləri bu yaxınlaşmanın əsasını qoydu. Daha sonrakı mərhələdə bu proses Türk Əməkdaşlıq Şurası, TÜRKPA və digər strukturların yaranması ilə nəticələndi. 2021-ci ildə isə Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması münasibətləri sadəcə yaxınlaşma deyil, real inteqrasiya mərhələsinə keçirdi” – deyə o bildirib.
Deputatın sözlərinə görə, hazırda artıq Türk Dövlətləri Təşkilatında inteqrasiyanın dərinləşməsindən danışmaq olar:
“Son illərdə təşkilata üzvlərin və iştirakçıların sayının artması da bu prosesin genişlənməsindən xəbər verir. Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan müşahidəçi statusunda TDT-nin işində iştirak edirlər. Bu, təşkilatın coğrafiyasının və əhatə dairəsinin genişlənməsi ilə yanaşı, inteqrasiya proseslərinin strateji hədəflərini müəyyənləşdirmək baxımından da çox əhəmiyyətlidir.”
Cavanşir Feyziyev Türkmənistanın neytrallıq siyasətinə də münasibət bildirib: “Türkmənistan uzun illərdir neytral dövlət siyasətini yürüdür və heç bir bloklaşmaya qoşulmur. Amma bu o demək deyil ki, o, qlobal və regional proseslərdən tamamilə uzaq qalacaq. Son onillikdə dünyada baş verən geosiyasi sarsıntılar və geo-iqtisadi transformasiyalar bütün ölkələr üçün təhlükəsizlik və iqtisadi çağırışlar yaradıb”.

Deputatın fikrincə, belə bir kontekstdə Orta Dəhliz kimi böyük geoiqtisadi layihələr ön plana çıxır:
“Orta Dəhliz konsepsiyası bütövlükdə türk coğrafiyasını əhatə edən, gələcəyin iqtisadi və strateji inkişaf trayektoriyasını müəyyən edən təşəbbüsdür. Bu layihə və digər inteqrasiya təşəbbüslərindən kənarda qalmaq heç bir türk dövlətinin maraqlarına cavab vermir. Bu reallığı bütün türk liderləri anlayır və bu da onları birgə hərəkət etməyə sövq edir”.
O əlavə edib ki, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər də bu proseslərə ciddi təkan verdi:
“Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə türk dövlətləri arasında inteqrasiyanı sürətləndirən amillərdən biri oldu. Həm qürurverici, həm də strateji baxımdan əhəmiyyətli bu hadisə, türk birliyinin gücünü və perspektivini bir daha göstərdi”.
“Əminəm ki, sinergetik şəkildə baş verən bütün bu proseslər Türkmənistanın da yaxın illərdə Türk Dövlətləri Təşkilatına tam üzv kimi qoşulması ilə nəticələnəcək. Bu, yalnız vaxt məsələsidir. Çünki gələcək – birlikdə inkişaf edən türk dünyasına aiddir”- deyə sonda deputat bildirib.
