Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 13 milyard 892,9 milyon kubmetr qaz nəql edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 2,2 % azdır.
Hesabat dövrünə qazın nəqlinin 52,7 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 7 milyard 324 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2,1 % azdır.
Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb.
2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
