Son illər sosial media təkcə əyləncə platforması olmaqdan çıxaraq gənclərin düşüncə tərzinə, davranışlarına və dünyagörüşünə birbaşa təsir edən mühüm məkana çevrilib. Bu məkanda fərqlənmək isə yalnız izləyici sayı ilə deyil, təqdim olunan məzmunun səmimiyyəti, məsuliyyəti və cəmiyyətə verdiyi dəyər ilə ölçülür. “Pranklar”, sosial eksperimentlər, etiraf formatları və maarifləndirici paylaşımlar bu dinamikanın ayrılmaz hissəsinə çevrilib.

İndex.az bu müsahibədə 11 ildir fəaliyyəti göstərən gənc blogger Təhmin Şükürlü ilə sosial medianın dəyişən rolu, gənclərin baxış bucağı, Bakı mühiti və influenser mədəniyyətinin bugünkü mərhələsi ətrafında söhbət edib. Həmin müsahibəni təqdim edirik:

- Özünüz barədə qısa məlumat verirdiniz.

- Mən Təhmin Şükürlü 2001-ci il martin 05-də Bakıda anadan olmuşam. “Qaqazzi” ləqəbi ilə tanınan azərbaycanlı blogger, canlı yayımçı və iş adamıyam.Müxtəlif dövrlərdə 9-10 ölkədə yaşamışam və hazırda doktorantura təhsili alıram. Sosial mediada məzmun istehsalçısıyam. 2014-cü ildən başlayaraq müxtəlif formatlarda, o cümlədən prank, sosial eksperiment və maarifləndirici məzmunlarla gənc auditoriya ilə ünsiyyət qururam. İşlərimdə həm əyləncə, həm də sosial məsuliyyət ön plandadır.

- 2014-cü ildən bu günə qədər sosial mediada uzun bir yol keçmisiniz. Bu illər ərzində sizi ən çox dəyişdirən və formalaşdıran mərhələ hansı olub?

- 2014-cü ildən bu günə qədər sosial mediada keçdiyim yolun hər mərhələsi mənim üçün ayrı-ayrılıqda önəmli olub. Lakin məni ən çox formalaşdıran dövr auditoriyanın sürətlə böyüdüyü və məsuliyyət hissinin artdığı mərhələdir. Anladım ki, sosial media təkcə diqqət çəkmək deyil, eyni zamanda təsir etmək, istiqamət vermək və daim öz üzərində işləməyi tələb edir. Zamanla yanaşmam daha peşəkar və düşünülmüş hala gəlib.

- Məzmunlarınızda “prank”, “risk al və etiraf et”, sosial eksperimentləri xüsusi yer tutur. Sizcə, gənc auditoriyanı bu formatlara cəlb edən əsas səbəb nədir?

- Bu formatların gənc auditoriya tərəfindən maraqla qarşılanmasının əsas səbəbi səmimiyyət və real reaksiyalardır. “Prank”, sosial eksperiment  və etiraf formatları əvvəlcədən yazılmış ssenarilərdən uzaq olduğu üçün izləyici özünü həmin situasiyanın bir parçası kimi hiss edir. Gənclər üçün bu məzmunlar təkcə əyləncə deyil, eyni zamanda cəmiyyətin davranışlarını və insan psixologiyasını müşahidə etmək imkanı yaradır.

- Gəlirinizin bir hissəsini xeyriyyəçilik və maarifləndirməyə yönəltdiyinizi deyirsiniz. Sizcə, influenserlərin cəmiyyətdə sosial məsuliyyəti olmalıdırmı?

- Düşünürəm ki, geniş auditoriyaya sahib olan hər bir influenser müəyyən sosial məsuliyyət daşıyır. Bu məsuliyyət mütləq şəkildə xeyriyyəçiliklə ölçülməməlidir, lakin maarifləndirmə, düzgün nümunə olmaq və cəmiyyət üçün faydalı mövzulara diqqət çəkmək vacibdir. Sosial media yalnız şəxsi gəlir və populyarlıq platforması deyil, eyni zamanda ictimai təsir vasitəsidir.

- Bakı sizin üçün sadəcə doğulduğunuz şəhərdir, yoxsa yaradıcılığınıza təsir edən bir məkandır? Paylaşımlarınızda Bakının ritmi, insanları və enerjisi nə dərəcədə yer tutur?

- Bakı mənim üçün sadəcə doğulduğum şəhər deyil, yaradıcılığımın əsas mənbələrindən biridir. Şəhərin ritmi, insan müxtəlifliyi və gündəlik  həyatda baş verən real situasiyalar məzmunlarıma təsir edir. Paylaşımlarımda Bakının dinamikası, küçə mədəniyyəti və fərqli insan xarakterləri təbii şəkildə öz əksini tapır.

- Bakı gənclərinin dünyagörüşünü və sosial mediaya yanaşmasını necə qiymətləndirirsiniz?

- Bakı gəncləri dünyagörüşü baxımından kifayət qədər çevik və açıqdır. Sosial mediaya yanaşmaları yalnız əyləncə ilə məhdudlaşmır, eyni zamanda öz fikirlərini ifadə etmək, fərdi brend yaratmaq və cəmiyyətlə əlaqə qurmaq vasitəsi kimi qəbul edilir. Bununla yanaşı, seçicilik və tənqidi yanaşma da formalaşır ki, bu da məzmun istehsalçılarını daha məsuliyyətli olmağa təşviq edir.

- Bakı gəncləri üçün məzmun istehsal edərkən, hansı mövzuların çatışmadığını düşünürsünüz?

- Bakı gəncləri üçün hazırlanan məzmunlarda real həyat bacarıqları və maarifləndirici mövzular hələ də kifayət qədər yer almır. Karyera planlaması, psixoloji sağlamlıq, maliyyə savadlığı və sosial məsuliyyət kimi mövzular gənclərin gündəlik həyatına birbaşa təsir edir, lakin sosial mediada az işlənir. Bu istiqamətlərdə keyfiyyətli və səmimi məzmunlara ehtiyac var.

- Sizcə, Bakıda influenser və blogger mədəniyyəti hələ formalaşma mərhələsindədir, yoxsa artıq yeni mərhələyə keçib?

- Fikrimcə, Bakıda influenser və blogger mədəniyyəti artıq ilkin formalaşma mərhələsini keçib və tədricən daha yetkin bir mərhələyə daxil olur. İlk dövrlərdə əsas diqqət kütlə yığmağa yönəlirdirsə, indi  məzmunun keyfiyyəti, davamlılıq və məsuliyyət daha çox ön plana çıxır.

- Gələcəkdə Bakı ilə bağlı ayrıca bir layihə və ya format hazırlamaq planlarınız varmı?

- Hazırda konkret tarix və detal açıqlamasam da Bakı yox, ümumi Azərbaycanda Professional Streamerliklə bağlı çox böyük planlar və layihələrim var.