"Microsoft"un həmtəsisçisi Bill Qeyts süni intellektin iş həyatında inqilab edə biləcəyini və yaxın onillikdə insanların həftədə cəmi iki və ya üç gün işləyəcəkləri günlərin olacağını söylədi.

İndex.az xəbər verir ki, Bill Qeyts, süni intellektdəki sürətli inkişafın xüsusilə səhiyyə və təhsil kimi sahələrdə əhəmiyyətli transformasiyalara səbəb olacağını ifadə edib.

O, bir çox işin insanlar tərəfindən görülməsinə ehtiyac qalmayacağını bildirib.

Bill Qeyts keçmişdə demişdi ki, süni intellekt nəticəsində məhsuldarlığın artması zamanla üç günlük iş rejiminə keçidi mümkün edə bilər.

Təbii ki, Bill Qeytsin bu baxışı, xüsusən Hindistan kimi uzun iş saatlarının normaya çevrildiyi ölkələrdə məntiqli sayılmır. Məsələn, "Infosys"in təsisçisi Narayana Murti və "Larsen & Toubro" şirkətinin sədri S.N.Subrahmanyan iqtisadi artımı stimullaşdırmaq üçün gələcəkdə daha çox iş görülməli olduğunu iddia edirlər.