Yeni tikilən binalarda sakinlərin kommunal xidmətlər və sənədləşmə işə bağlı şikayətləri artmaqdadır. Bu günlərdə daha bir binada işığın olmaması ilə bağlı narazılıq bildirilib. “Bərəkət” MTK-nın Xırdalanda Səttar Bəhlulzadə küçəsində (7 sayli məktəbin yanı) inşa etdiyi binanın sakinləri İndex.az-a müraciət edərək mənzillərinə işıq sayğaclarının quraşdırılmamasından şikayət ediblər. Bina sakinlərindən Tamella Eminova 1 il əvvəl işıq sayğacı üçün ödəniş etdiyini deyib. Lakin hələ də mənizllərdə xidmət təmin olunmayıb:
“Bərəkət” MTK-nın Səttar Bəhlulzadə küçəsində 3 bloklu 7 mərtəbəli binanın birinci blok ikinci mərtəbəsində 13 saylı mənzildə yaşayıram. Bir il qazsiz qalsaqda 700 manat yığıb qazı verdilər. 360 manat isə su sayğacının quraşdırılmasına yığdılar. İndi suyumuz daimidir. Ancaq problem işıq sayğacının qoyulmaması və “kupça”nın verilməməsidir. Bir ildir ki, işıq saygacı üçün 245 manat yığılmağına baxmayaraq hələ də soruşanda MTK-nın rəhbəri Rafiq müəllim deyir ki, briqadalar Qarabağda işləyir deyə bizə sayğacı qoya bilmirlər. Kommunal xidməti bu aydan qaldıraraq 30 manat ediblər. İsiq pulunu istədikləri qiymətə hesablayırlar”.
T.Eminovanın sözlərinə görə, 2020-ci ildən mənizllərin çıxarışların verilməsi ilə bağlı ölkə başçısının fərman və sərəncamlarının verilməsinə baxmayaraq hələ də onun haqqında fikirləşən belə yoxdur. Şikayətçi binanın aşağı mərtəbəsində yerləşən obyektlərlə bağlı problem yaşadıqlarını da deyib:
“Binanin altında market yerləşir. Marketin böyuk kondensionerlerinin prosessorları pəncərələrın altına qoyulduğundan beş ildir ki, daim qatarda gedən ya da təyyarədə uçan vəziyyətdəyik. Hər dəfə dedikcə, “səbirli olun, duzələcək” deyirlər. Ən dəhşətlisi odur ki, öz evimə qeydiyyata düşə bilmirəm. Tez tez qeydiyyat yerimi dəyişməli oluram. İrad tutanda isə Rafiq müəllim deyir ki, gedin polisdə qeydiyyata düşün”.
Sakinlərin şikayətlərinə qarşı tərəfin münasibətini öyrənməyə çalışdıq. “Bərəkət” MTK-nın sədri Rafiq Mustafayev İndex.az-a bildirib ki, həmin binadakı mənizllərin işıq sayğacları hazırdır:
“Artıq transformator da həyətə yerləşdirilib, xətlər çəkilib. Bütün texniki şərtlər ödənilib, sayğaca görə pulların hamısını ödəmişik. Sadəcə olaraq sayğacların mənzillərdə quraşdırılması qalıb. Onunla bağlı elektrik təchizatı idarəsindən bildiriblər ki, Prezidentin tapşırığı ilə briqada Qarabağda işləyir. Həmin briqada 10-15 gün müddətinə qayıdasıdır. Bizi üzrlü sayın, onlar qayıdan kimi quraşdırılacaq. Biz də dedik ki, dövlətlə dövlətçilik etməyəcəyik ki. Onları gözləyirik. Bizim heç bir öhdəçiliyimiz qalmayıb, hamısını ödəmişik. Gələn həftənin 3 ya 4-cü günləri sayğaclar qoyulmalıdır”.
Sözügedən binanın məskunlaşmasının bir neçə il əvvəl başladığını nəzərə alsaq kommunal xidmətlərin verilməsi, sayğacların quraşdırılmasının illərlə uzandığını görə bilərik. Bəs buna səbəb nədir? Niyə mənzillərin elektrik təchizatı Qarabağdakı işlərdən asılı olmalıdır? R.Mustafayev sualımıza belə cavab verib:
“Müəyyən səbəblərə görə texniki şərləri ödəyə bilmirdik. Dövlətin bizə ünvanladığı texniki şərtlərə əməl etməli idik ki, dövlət də bizim işığımızı çəksin. Onunla bağlı vergilərimiz vardı. Onun ödənilməsi üçün kreditlər götürdük. Sonradan tikinti materialları bahalaşdı, ancaq biz satdığımız mənzilləri yenidən sata bilmərik, əlavə pul ala bilmərik. Onunla bağlı ləngimələr oldu. Artıq bina tam tikilib başa çatıb. İşıq xətlərini indi çəkiblər. Sakinlər ancaq kodlaşdırmaya pul ödəyir. Yaxın günlərdə ödəniş çeklərini də sizinlə paylaşa bilərəm”.
Mənzillərə çıxarışların verilməməsinə gəlincə, MTK sədri elektrik sayğaclarının quraşdırılmasından sonra bu məsələ ilə məşğul olacaqlarını bildirib:
“Sayğaclar qurulandan sonra isə İcra Hakimiyyətinə müraciət edəcəyik ki, bizim binanın təhvil aktını qəbul etsinlər. Su, qaz, sayğacları qoyulub, işıq da gələn həftə qoyulacaq. Ondan sonra biz müraciət edəcəyik. Bunun ardınca sakinləri çıxarış almaq üçün yönəldəcəyik. Ancaq bunun verilməsi nə vaxt mümkün olacaq, deyə bilmərəm. Bu, İcra Hakimiyyətinin cavabından asılı olacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmiləri yeni inşa edilən çoxmənzilli binalarda MTK-lar tərəfindən istehlakçılardan sayğacların dəyərindən əlavə ödənişlər tələb edilməsi hallarınin mövcud olduğunu açıqlamışdılar. Bununla əlaqədar Xidmət təbii inhisar subyektlərindən olan, kommunal sahədə fəaliyyət göstərən “Azərsu”, “Azərişıq” və “Azəriqaz”la birlikdə bu məsələlərin təhlilini və araşdırılmasını həyata keçirib. Nəticədə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 iyul 2021-ci ildən etibarən çoxmənzilli yaşayış binalarında qaz sayğaclarının pulsuz quraşdırılması qərara alınıb. “Azərişıq” və “Azərsu” barəsində isə müvafiq qaydada təbii və antiinhisar qanunvericiliyinə uyğun olaraq iş qaldırılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehlakçıların sayğaclarla pulsuz təmin edilməsi qərara alınıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan edib ki, təbii inhisar subyektlərinin özlərinin də istehlakçılara göstərdikləri xidmətin keyfiyyətini artırmaları ən ümdə məsələlərdəndir. Bu mənada, həmin təbii inhisar subyektlərinin aidiyyəti şəxsləri ilə mütəmadi olaraq görüşlər keçirilir. Kommunal sahədə fəaliyyət göstərən “Azərsu”, “Azəriqaz” və “Azərişıq”ın rəhbərliyi ilə Dövlət Xidmətində görüş keçirilib, həm mövcud problemlər müzakirə edilib, həm də istehlakçıların hüquqlarının qorunması ilə bağlı məqsədlər, hədəflər onlara çatdırılıb.
Bütün bunlara baxmayaraq, MTK-lar kommunal xidmətlərin sayğaclarını quraşdırmaq və digər adlarla sakinlərldən iri məbləğlərdə vəsaitləri toplamaqda davam edirlər. Onların bu “xidməti”nə son verməyin zamanıdır.
