Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərin, obyektlərin sahiblərinin cərimələnməsi yenidən aktuallaşıb. Bu, həm vətəndaşların, həm də mütəxəssislərin ciddi etirazına səbəb olub. Heç bir sənədi, mülkiyyət hüququ olmayan vətəndaşın cərimələnməsi absurd görünür. Digər tərəfdən, bu cərimələrin torpaqların zəbt olunmasının, qanunsuz tikintilərin qarşısının alınmasına hesablandığını qeyd edirlər. Problemin kökündə isə Bakı şəhərinin və Abşeron rayonun ərazisində onlan torpaqların uzun illərdir nəzarətsiz qalması durur. Nə icra hakimiyyətləri, nə də bələdiyyələr bu sahəyə ciddi idarəçi kimi nəzarət etməyiblər. Nəticədə mövcud mənzərə ortaya çıxıb.
Sənədsiz evlərdən ən çox əziyyət çəkən isə bələdiyyələrdir. Onların əksəriyyəti bələdiyyələrin ərazisində inşa edilib. Lakin mülkiyyət sənədləri olmadığından onlardan vergi almaq mümkün deyil. Bu isə bir çox xidmətləri həyata keçirməli olan bələdiyyələr üçün xeyli vəsait və nüfuz itkisinə gətirib çıxarıb.
Xəzər rayonu Türkan bələdiyyəsində inventarlaşdırma işlərindən sonra qəsəbə ərazisində 4000-dən bir qədər artıq fərdi təsərrüfatın olduğu müəyyən edilib. Bu təsərrüfatlar haqqında bütün məlumatlar bazaya yerləşdirilib. Bələdiyyədən mediaya verilən açıqlamaya əsasən, əgər vergini tam şəkildə toplaya bilsə, bələdiyyə qəsəbə ərazisində il ərzində 150 min manata yaxın torpaq və əmlak vergisi yığa bilər. Lakin ötən il bu rəqəmin qarşılığında bütün səylərini birləşdirilməsi nəticəsində Türkan bələdiyyəsi 54 min manata yaxın maliyyə vəsaiti toplaya bilib:
“Hazırda bələdiyyənin qarşılaşdığı əsas problem bələdiyyə ərazisində olan təsərrüfatların sənədsiz olmasıdır. Qəsəbə ərazisində olan evlərin 95 faizinin sənədi yoxdur. Sənədsiz olduğundan vergi toplamaq mümkün deyildir. Bununla yanaşı bələdiyyə qulluqçularının əhali arasında apardığı maarifləndirici söhbətlərdən sonra sənədləşdirməyə marağı olanlar Əmlak məsələləri Dövlət Xidmətinə müraciət etdikdə min bir bəhanə ilə sənədləşdirmənin yubadılması, o cümlədən bürokratik vasitələrlə üz-üzə qalması sakini fikirindən daşındırır. Üstəlik, bələdiyyə xəritəsinin bu günədək təhvil verilməməsi bələdiyyə üçün problem yaradır” – deyə bələdiyyə rəsmiləri bildirib.
Sabunçu bələdiyyəsində isə vəziyyət daha da kritikdir. İnventarlaşdırma işlərindən sonra qəsəbə ərazisində 11 mindən bir qədər artıq fərdi təsərrüfatın olduğu müəyyən edilib. Bu təsərrüfatların 9 mini haqqında məlumatlar bazaya yerləşdirilib. Hazırda bələdiyyə ərazisində olan təsərrüfatların cəmi 15%-də çıxarış vardır. Qəsəbə ərazisində olan evlərin 85%-nin isə qeydiyyat sənədi yoxdur. Evlərin, obyektlərin sənədinin olmaması bələdiyyəyə vergi toplamaqda ciddi problem yaradır. Sabunçu bələdiyyəsindən verilən məlumata görə, sənədi olmayan 6 mindən artıq fərdi təsərrüfat haqqında məlumatlar toplanaraq icra hakimiyyətləri yanında yaradılan komissiyaya təqdim edilib. Ancaq təəssüf ki, bu günədək prosesdən xəbər yoxdur.
Bununla yanaşı, bələdiyyə xəritələrinin günədək təhvil verilməməsi onlara daha ciddi problem yaradır. Bu məsələlərə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadə İndex.az-a açıqlamasında öncə vətəndaşların cərimələnməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərin cərimələnməsi ilə bağlı məsələ heç də mediada açıqlandığı kimi deyil:
“Bir çoxları belə düşünür ki, artıq bütün sənədsiz evləri olan vətəndaşlar cərimələyəcəklər. Bu belə deyil. Cərimələr sırf kənd təsərrüfatı təyinatlı torpaqlarda yeni tikilən evlərə, obyektlərə aiddir. İlk növbədə, Əməlak Məsələləri Dövlət Xidmətinin ərazi idarələri tərəfindən, yaxud yerli icra orqanları tərəfindən vətəndaşa kənd təsərrüfatı təyinatlı torpaqda tikintiyə izacə verilməməsi ilə bağlı xəbərdarlıq edilir. Əgər buna məhəl qoyulmursa, bu protokollaşdırılır və cərimə tətbiq edilir. Cərimə ilə yanaşı torpağın ilkin vəziyyətinə qaytarılması ilə bağlı tədbirlər həyata keçirilir. Cərimələrin tətbiq olunması da bu istiqamətdə qayda-qanun yaradılmasına hesablanıb. Heç kəs qanunsuz tikilini həyata keçirməyə çalışmamalıdır. Çünki bu, həm vətəndaşın ziyanınadır, həm də vətəndaşlar arxayın olmamalıdır. Dövlət qurumları da qanunsuz tikililərlə bağlı məsələnin köklü həllində maraqlıdır”.
R.Qasımzadə sənədsiz evlərin bələdiyyələrə ciddi problem yaratması məsələsinə də toxunub. Bildirib ki, əgər tikinti bələdiyyə torpaqlarında həyata keçirilirsə, ilk növbədə, bələdiyyə tərəfindən torpağın alğı-satqı müqaviləsi olmalıdır:
“Həmin sahə yaşayış fondu torpaqlarında olmalıdır. Ondan sonra müvafiq icra hakimiyyətinə tikintinin eskiz planını təqdim etməklə tikintini həyata keçirə bilərlər. Təəssüf ki, bu kimi problemlərin kökündə elə bələdiyyələrin törətdiyi qanunazidd əməllər durur. Çünki bələdiyyələr kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, yaxud dövlətə məxsus torpaq sahələrini vətəndaşlara saxta sənədlərlə sataraq bu sahədə problemlərin yaranmasına səbəb olurlar. İndi artıq bu halların kökü kəsilib. Artıq bələdiyyələr bu kimi torpaq sahələrini sata bilmirlər”.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişdirilməsinə gəldikdə, R.Qasımzadə bu məsələnin yaxın vaxtlarda həll olunacağını güman edir:
“Yaxın vaxtlarda “Şəhərsalmanın müdafiəsinə dair Konsepsiya”nın təsdiqi gözlənilir. Artıq bu sənəd üzərində iş başa çatmaq üzrədir. Bu konsepsiya təsdiq ediləndən sonra sənədsiz evlərlə bağlı məsələ demək olar ki, öz həllini tapacaq. Biz yəqin ki, yaxın vaxtlarda bunun şahid olacağıq. Bu konsepsiyanın təsdiqi ilə bağlı ən böyük problemlər kənd tədərrüfatı təyinatlı torpaq sahələrində tikilən evlər, obyektlər, yolların, kommunikasiya xətlərinin, neft sazişlərinin sahəsinə aid olan torpaqların mühafizə zonalarında tikilən fərdi yaşayış evləridir. Onların sənədləşməsi ilə bağlı hələ də müfaviq qurumlardan hər bir ev üzrə rəylər alınır. Təxminən 500 minə yaxın fərdi yaşayış evindən söhbət gedir. Bunun 50%-dən artığına bu Konsepsiyanın təsdiqindən sonra sənəd alınması tam mümkün olacaq”.
