“Bank VTB Azərbaycan” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Bank VTB Azərbaycan”ın aktivləri cari ilin əvvəli ilə müqayisədə 49.253 milyon manat artaraq 299.153 milyon manata yüksəlib.

Hesabat dövrü ərzində bankın kredit portfelinin həcmi 225.069 milyon manat təşkil edib. 2024-cü ilin əvvəlində bank tərəfindən müştərilərə 187.120 milyon manat kredit verildiyini nəzərə alsaq, 37.949 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, cari ilin 3-cü rübündə istehlak kreditləri 21.239 milyon manat artaraq 96.039 milyon manat, biznes kreditləri 8.969 milyon manat artaraq 73.520 milyon manat, daşınmaz əmlak kreditləri isə 7.742 milyon manat artaraq 55.511 milyon manat təşkil edib.

Beləliklə, “Bank VTB Azərbaycan”ın kredit portfelinin 32%-dən çoxunu istehlak kreditləri təşkil edir.

Cari ilin əvvəlinə nəzərən 2024-cü ilin 3-cü rübündə “Bank VTB Azərbaycan”ın depozit portfeli 20.883 milyon manat artaraq 110.234 milyon manata yüksəlib.

2024-cü ilin əvvəlində bu göstərici 89.351 milyon manat idi.

Hesabat dövründə fiziki şəxslərin banka qoyduğu depozitlər 6.747 milyon manat artaraq 72.052 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 24.045 milyon manat olduğu halda, 2024-cü ilin 3-cü rübündə bu göstərici 14.138 milyon manat artaraq 38.183 milyon manat olub.

2024-cü ilin 3-ci rübündə ilin əvvəli ilə müqayisədə “Bank VTB Azərbaycan”ın həm faiz gəliri, həm də faiz xərcləri azalıb.

Belə ki, hesabat dövründə “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 23.616 milyon manat təşkil edib.

Cari ilin əvvəlində bankın faiz gəlirlərinin 26.949 milyon manat olduğunu nəzərə alsaq, 3.333 milyon manatlıq azalmanın olduğunu görərik.

“Bank VTB Azərbaycan”ın faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəlinə nəzərən 646 min manat azalaraq 6.182 milyon manat təşkil edib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın dövr üzrə xalis mənfəəti 4.468 milyon manat azalaraq 6.140 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 10.608 milyon manat olub.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayıb.

Onun nizamnamə kapitalı 315.815 milyon dollardır.

VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun üzvüdür.