Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olan “Bank BTB”nin satışa çıxarılacağı barədə məlumat vermişdik.
Bankın satışa çıxarılmasının səbəblərini öyrənmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələsinin üzvü deputat Vüqar Bayramovdan münasibət öyrəndik.
İndex.az-a danışan deputat bildirdi ki, bu addımın atılması bank sektoruna olan inamın qorunub saxlanılması üçündür:
"Belə hallarda bankın müflis olması və ya lisenziyasının əlindən alınmasının əvəzinə bankın satışa çıxarılması daha məqsədəuyğundur. Çünki bu, bank sektorundakı tarazlığın qorunub saxlanılmasına imkan yaradır. Ona görə, sözügedən bankın satışa çıxarılması və ya hər hansı bir banka birləşdirilməsi daha məqsədəuyğun idi".
Bəs sözügedən bankın satışa çıxarılmasının ardında hər hansı siyasi məsələ dururmu? Bu məsələyə münasibət bildirən deputat bildirdi:
"Hələlik, bankın satılması ilə bağlı rəsmi məlumata rast gəlinmir. Lakin bankın göstəricilərinə nəzər saldıqda, bankın satışa çıxarılmasının iqtisadi bir məsələ olduğunu görürük. Çünki bankın göstəriciləri son illər davamlı olaraq azalır. Fikir versəniz görərsiniz ki, həmin bankın göstəriciləri son illər pisləşib. Həm nizamnamə kapitalına, həm də digər aktivlərlə bağlı göstəricilərə diqqət yetirsək, bankın göstəricilərində azalmaların müşahidə edildiyini görərik. Belə halda olan bankların digər banklara birləşdirilməsi əslində daha yaxşı variantdır. Bu baxımdan konsentrasiya prosesinin dəstəklənməsinə ehtiyac var. Ümumilikdə bu proses bank sektorunda təmərküzləşmə baxımından daha məqsədəuyğundur".
Millət vəkili sonda əlvə etdi ki, kiçik bankların birləşməsi istisna deyil. Lakin bu, böhrana gətirib çıxarmayacaq.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya (Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini), 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
