Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artaraq 16 milyard 008,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 % artaraq 12 milyard 233,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,8 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri ərzaq malları üzrə 5,9 % artıb.