Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bu, 2024-cü ilin ilk rübünün göstəricisi ilə müqayisədə 0,3 milyard manat və ya 2,3 % azdır.
Bu ilin yanvar-mart aylarında paytaxtda sənaye məhsulunun 75,4 %-i mədənçıxarma, 20,7 %-i emal, 3,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,1 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 499,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % azdır. Məhsul istehsalı neft-qaz sektorunda 3,6 %, qeyri neft-qaz sektorunda isə 3,5 % artıb.
