Bakının Sabunçu rayonun Maştağa qəsəbəsində gölə tullantılar atılıb. Ərazinin təmizlənməsi üçün İcra Hakimiyyətinə müraciət olunduğu, qurumun isə ərazini təmizləmək əvəzinə, tullantıları gölə atdığı bildirilib.
İndex.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Sabunçu Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Rayon İcra hakimiyyətindən bildirilib ki, həmin ərazidə artıq təmizlənmə işləri aparılıb. Tullantıların gölə atılması ilə bağlı isə məlumatsız olduqlarını, məsələ ilə məşğul olacaqlarını bildiriblər.
Sabunçu rayonunun Maştağa qəsəbəsinin bələdiyyəsindən isə bu məsələyə cavabdeh olmadıqlarını söyləyiblər.
İcra Hakimiyyəti başçısının Maştağa ərazi dairəsi üzrə nümayəndəliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində sanitar təmizliklə əlaqədar aparılan monitorinqlər zamanı nümayəndəliyinin əməkdaşları tərəfindən qəsəbənin “Daş karxanası” adlanan ərazisində, gölün ətrafında naməlum şəxslər tərəfindən atılmış tikinti materialları tullantıları aşkarlanıb:
“Bununla bağlı Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən əraziyə texnika və işçi qüvvəsi cəlb olunub, qeyd olunan sahə tullantılardan təmizlənib.
Məlumat üçün onu da qeyd edək ki, göstərilən ərazi qəsəbə sakininin şəxsi mülkiyyətində (Çıxarışla) olan torpaq sahəsidir. Buna baxmayaraq, ərazinin sanitar vəziyyəti nəzarətə götürülüb və bir daha bu kimi xoşagəlməz halların təkrarlanmaması üçün müvafiq tapşırıq verilib”.
