"Azər-Türk Bank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
Index.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 101.828 milyon manat azlaraq 863.329 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 965.157 milyon manat idi.
Bankın kredit portfelinin həcmi 434.919 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 321.723 milyon manat kredit verildiyini nəzərə alsaq, 113.196 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 220.758 milyon manat, biznes kreditlərinin payı 43.371 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 170.790 milyon manat təşkil edib.
Beləliklə, bankın kredit portfelinin 68%-dən çoxunu istehlak kreditləri təşkil edir.
3-cü rübün sonuna "Azər-Türk Bank"ın depozit portfeli 421.971 milyon manata çatıb. İlin əvvəlində bu göstərici 385.008 milyon manat idi.
Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 643 min manat artaraq 201.838 milyon manata yüksəlib.
Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 183.813 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 36.320 milyon manat artaraq 220.133 milyon manat olub.
Hesabatdan görünür ki, "Azər-Türk Bank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 322.643 milyon manatdan 135.752 milyon manata enib (186.891 milyon manat azalma).
Bankın nizamnamə kapitalı dəyişməyib - 50.000 milyon manat.
Hesabat dövründə "Azər-Türk Bank"ın faiz gəlirləri 45.593 milyon manat, faiz xərcləri isə 15.088 milyon manat təşkil edib.
"Azər-Türk Bank" mümkün zərərlər üçün 3.744 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.
Bankın dövr üzrə xalis mənfəəti 10.499 milyon manata yüksəlib.
"Azər-Türk Bank"ın məcmu kapitalı isə 75.422 min manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. Prezident İlham Əliyevin bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
