Dünən Afrika qitəsində gəmi saxlanılması ilə bağlı yayılan xəbərlər bir daha göstərdi ki, bəzi hallarda xəbərlərin vizual müşayiəti zamanı diqqətsizliklər baş verir.

Index.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.

Onun sözlərinə görə, saxlanılan gəmi ASCO-ya aid olmadığı halda, təəssüf ki, bəzi media orqanları xəbər mətnlərinə Xəzərdə üzən ASCO gəmilərinin fotolarını əlavə etdilər:

“İlk növbədə deyim ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır. Elə bunu nəzərə alıb xəbəri yayan ilkin mənbə ilə əlaqə saxladım və çox sağ olsunlar, məsələni anlayışla qarşılayaraq fotonu dəyişdilər. Lakin xəbər artıq bir çox saytlar tərəfindən tirajlandığı üçün hər biri ilə eyni anda əlaqə saxlamaq mümkün olmadı”.

Bunun təəssüf ki, birinci hal oladığını deyən M.Mehdiyev bildirib ki, hər dəfə gəmilərlə bağlı bir hadisə baş verdikdə, bəzi media nümayəndələri internetdən rastgələn fotoları heç bir dəqiqləşdirmə aparmadan xəbərlərə əlavə edirlər: “Gəminin aid olduğu şirkət, ölkə və ya tipi nəzərə alınmadan edilən bu yanaşma jurnalistikanın əsas prinsiplərinə ziddir”.

Bu səbəbdən o, bir həmkar olaraq xahiş və çağırış edib: “Mövzu ilə bağlı fotomaterial yoxdursa, "simvolik foto" və ya "arxiv şəkli" qeydini mütləq əlavə edək. Hər hansı bir gəmi, texnika və ya hadisə barədə material dərc etmədən öncə rəsmi qurumlarla əlaqə saxlayıb məlumatı dəqiqləşdirək. Vizual elementlər xəbərlərin əhəmiyyətini artırır, amma onların düzgün seçilməməsi xəbərin mahiyyətinə zərər verə bilər. Unutmayaq ki, peşəkar yanaşma yalnız cəmiyyətin informasiyaya olan inamını artırmaz, həm də medianın nüfuzunu qoruyar.