Məlumdur ki, "Google" "Apple" cihazlarında standart axtarış sistemi olmaq üçün hər il "Apple"ə milyardlarla dollar ödəyir.

İndex.az xəbər verir ki, bu vəziyyət ABŞ-da iddia mövzusu olub və ötən gün ABŞ-lı hakim Amit Mehta "Google"un rəqabətin qarşısını alaraq monopolist olduğu qənaətinə gəlib.

Lakin texnologiya nəhəngləri arasında pul razılaşmasından hər iki tərəfin məmnun olduğu görünür.

Belə ki, "Apple"in Xidmətlər üzrə Baş Vitse-Prezidenti Eddi Kü "Google"un axtarış sistemi səviyyəsində başqa bir axtarış sisteminin olmadığını söyləyib.

Eddi Kü, "Bing"in "Google"a alternativ olmadığını və "Microsoft"un bütün şirkətə verdiyi halda belə "Apple"in "Bing"ə üstünlük verməyəcəyini qeyd edib.

2018-ci ildə "Microsoft"un "Bing"i "Apple"ə satmağa çalışdığı bildirildi, lakin platforma keyfiyyət və dəqiqliklə bağlı problemlərlə dolu idi və bu, onun "Google" platforması ilə rəqabət aparmasını qeyri-mümkün edirdi.

"Microsoft" sonuncu dəfə 2020-ci ildə "Apple" ilə əməktaşlıq üçün cəhd etdi, lakin nəticə yenə eyni oldu.

Kü hətta iddia edib ki, "Microsoft" onlara "Bing"i pulsuz verməyi təklif edib.