Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində "Bitcoin" kimi kriptovalyuta hərəkətlərini yaxından izləməyi əhatə edən yeni qaydaları təsdiqləyib.

İndex.az xəbər verir ki, Strasburqda keçirilən AP-nin Plenar sessiyasında pulların yuyulmasına qarşı mübarizə və maliyyə nəzarəti üçün kripto-aktivlərin köçürülməsinin monitorinqi üzrə Aİ-nin ilk qaydaları böyük səs çoxluğu ilə qəbul edilib.

Yeni qaydalara əsasən, kripto köçürmələri, digər maliyyə əməliyyatlarında olduğu kimi, həmişə izləniləcək və şübhəli əməliyyatlar bloklanacaq.

"Səyahət Qaydası" olaraq xarakterizə edilən maliyyə köçürmələrində, əməliyyatı həyata keçirən qurumların göndərici və alıcının şəxsiyyət məlumatlarını müəyyən etmələrini, saxlamalarını və paylaşmalarını tələb edən öhdəlik kripto aktivlərinin köçürmələrinə də şamil ediləcək.

Kripto aktiv xidmət təminatçıları cinayətkarların kriptovalyuta axınlarını aşkar etməli və onların qarşısını almalıdırlar.

Kriptovalyuta sahəsindəki şirkətlərdən çirkli pulların yuyulmasına qarşı bütün öhdəliklərə əməl etmələri tələb olunacaq.

Aİ ölkələrində kripto-aktiv xidmətlərin provayderləri müvafiq tənzimləyici orqanlardan lisenziya almalıdırlar.

Aİ daxilində kriptoaktivlər üçün vahid hüquqi çərçivə tətbiq olunacaq.

Kriptovalyutalar, istehlakçıların müdafiəsi və ətraf mühitin mühafizəsi tədbirləri də daxil olmaqla kriptovalyutalara nəzarət üzrə yeni ümumi qaydalar tətbiq ediləcək.

Bu sahədə bazar manipulyasiyasına və maliyyə cinayətlərinə qarşı təminatlar olacaq.

2024-cü ildə qüvvəyə minməsi gözlənilən bu qaydalar Avropa Şurası tərəfindən rəsmi təsdiq edildikdən sonra Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq.