Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel növbəti faiz dəyişikliyi haqqında proqnoz verməyin çətin olduğunu bildirib.
İndex.az xəbər verir ki, AMB İdarə Heyətinin üzvü İzabel Şnabel Almaniyanın Mannheim şəhərindəki ZEW İnstitutunda çıxışı zamanı bildirib ki, bank sektorundakı problemlərlə bağlı vəziyyət daha da mürəkkəbləşdiyindən növbəti görüşlərdə AMB-nin nə qərar verəcəyi məlum deyil.
Şnabel, növbəti iclasdan əvvəl gələcək məlumatları araşdırmağın və hazırki qeyri-müəyyənliyin bank kreditlərinə təsir edib-etməyəcəyi barədə təhlil aparmağın artıq vacib hala gəldiyini qeyd edib.
Mayın 4-də açıqlanacaq faiz qərarında 25 və ya 50 baz ballıq faiz artımı variantları ön plana çıxsa da, AMB üzvləri arasında növbəti addımla bağlı fikir birliyi yoxdur.
Bir çox üzv ABŞ və İsveçrədə bank sektorunu sarsıdan böhranın təsirlərini daha dəqiq təhlil etmək üçün yeni məlumatları gözləyəcəklərini bildirib.
Qeyd edək ki, "Goldman Sachs" bank böhranı sakitləşdikdən sonra son siyasət dərəcəsi gözləntisini 3,75% olaraq dəyişib.
İnvestisiya bankı bu ilin əvvəlində "Silikon Vadisi Bankı"nın (SVB) dağılmasından sonra son siyasət dərəcəsi gözləntisini 3,5%ə endirmişdi.
