"Alman İqtisadiyyat İnstitutu"nun (IW) hesablamalarına görə, alman şirkətlərinin Çinə investisiyaları son iki ildə əhəmiyyətli dərəcədə artıb.

İndex.az xəbər verir ki, IW-nin məlumatlarına görə, Almaniya hökumətinin Çindən iqtisadi asılılığı ilə bağlı artan narahatlığına baxmayaraq, alman şirkətləri ötən il ölkəyə rekord məbləğdə 11,5 milyard avro sərmayə qoyub.

Alman şirkətlərinin Çinə yatırdıqları sərmayələrin əksəriyyəti bu ölkədəki mənfəət hesabına həyata keçirilib.

"Rhodium Group"un keçən il apardığı araşdırmaya görə, 2019-2021-ci illər arasında Çinə yatırılan Alman sərmayələrinin 1/3-i ölkənin üç ən böyük avtomobil istehsalçısı "Volkswagen" (VW), BMW və "Mercedes-Benz", eləcə də BASF kimyəvi qrupunun payına düşüb.

IW-nin xarici ticarət üzrə eksperti Yurgen Matzes Alman iqtisadiyyat qəzeti "Handelsblatt"a verdiyi açıqlamada, yaxın gələcəkdə müharibə başlayarsa, Almaniya iqtisadiyyatının böyük bir böhranla üzləşəcəyini bildirib:

"Ona görə də kritik asılılıqları azaltmağın vaxtıdır. Amma bunun tezliklə statistikada görünməsi üçün siyasətçilər hərəkətə keçməlidir".