Avropa İttifaqının (Aİ) yeddi üzv dövlətinin liderləri Aİ-ni dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsinə dair təklifi operativ şəkildə həyata keçirməyə çağırıblar.

İndex.az "İnterfaks-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, Estoniyanın Baş naziri Kristen Mixal, Finlandiyanın Baş naziri Petteri Orpo, İrlandiyanın Baş naziri Mixol Martin, Latviyanın Baş naziri Evika Siliniya, Polşanın Baş naziri Donald Tusk, İsveçin Baş naziri Ulf Kristersson və Litvanın Prezidenti Gitanas Nauseda Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının prezidentləri Ursula fon der Lyayen və Antonio Koştaya məktubla müraciət ediblər.

Liderlər qeyd ediblər ki, onlar Ukraynanı gücləndirəcək uzunmüddətli etibarlı dəstək tapmağa çalışırlar.

"Ukraynanın büdcə və hərbi ehtiyaclarının hazırki miqyasını və təcililiyini nəzərə alaraq, biz Komissiyanın Aİ-dəki immobilizasiya olunmuş Rusiya aktivlərinin qalıqları hesabına maliyyələşdirilən təzminat krediti təklifini qətiyyətlə dəstəkləyirik. Bu, Ukraynanın Rusiya tərəfindən vurulan zərərlərə görə təzminat almaq hüququnun fundamental prinsipinə toxunur", - məktubda bildirilib.

Onlar, həmçinin qeyd ediblər ki, vaxt həlledici əhəmiyyət kəsb edir. "Dekabrda Avropa Şurasının iclasında təzminat krediti haqqında qərar qəbul etməklə, Ukraynanın uzunmüddətli sülh danışıqları aparması üçün mövqeyini yaxşılaşdırmaq imkanımız var. Biz bu məqsədə çatmaq üçün sizinlə konstruktiv əməkdaşlıq etməyə hazırıq", - məktubda bildirilib.