"AFB Bank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 22.243 milyon manat artaraq 304.624 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 282.381 milyon manat idi.

Bankın kredit portfelinin həcmi 169.619 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 170.854 milyon manat kredit verildiyini nəzərə alsaq, 1.235 milyon manatlıq azalmanın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 22.055 milyon manat, biznes kreditlərinin payı 90.341 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 57.223 milyon manat təşkil edib.

Beləliklə, bankın kredit portfelinin 53%-dən çoxunu biznes kreditləri təşkil edir.

3-cü rübün sonuna "AFB Bank"ın depozit portfeli 146.169 milyon manata çatıb. İlin əvvəlində bu göstərici 116.168 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 23.813 milyon manat artaraq 53.632 milyon manata yüksəlib.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 86.348 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 8.262 milyon manat artaraq 92.537 milyon manat olub.

Hesabatdan görünür ki, "AFB Bank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 72.282 milyon manatdan 70.747 milyon manata enib (1.535 milyon manat azalma).

Bankın nizamnamə kapitalı dəyişməyib - 70.393 milyon manat.

2023-cü ilin 3-cü rübündə bankın bölüşdürülməmiş mənfəəti 6.567 milyon manat təşkil edir.

Hesabat dövründə "AFB Bank"ın faiz gəlirləri 14.925 milyon manat, faiz xərcləri isə 3.521 milyon manat təşkil edib.

"AFB Bank" mümkün zərərlər üçün 1.945 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın dövr üzrə xalis mənfəəti 6.292 milyon manata yüksəlib.

"AFB Bank"ın məcmu kapitalı isə 75.164 min manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.